BAKI, 4 mart — Sputnik. Qənaət etmək gələcək istifadə üçün pulların yığılmasıdır. Əgər siz lazımsız məsrəflərdən qaçıb, artıq qalan vəsaiti yığmağa başlasanız, bir müddət keçdikdən sonra daha böyük məqsədlərinizi maliyyələşdirmək iqtidarında olacaqsız. Aile.lent.az-ın təqdim etdiyi sadə və faydalı üsullardan istifadə edərək qənaət etməyə başlayın:
1. Alış-veriş üçün siyahı tutun.
2. Mağazaya gedərkən lazım olan qədər pul götürün.
3. Pulunuzu gərəksiz halda xırdalamayın.
4. Pul qabınız soyuq rəngdə deyil, isti rənglərdə olsa, yaxşıdır. Qırmızı, narıncı və qəhvəyi rənglər pulları özünə cəlb edir.
5. Həftəlik menyu tutun. Menyu sizə lazım olan ərzaqları qədərində almağa kömək edəcək və siz artıq pul xərcləməyəcəksiz.
6. Ərzaq alış-verişinə ac qarına getməyin ki, aclıq hissi sizi nələrsə almağa sövq etməsin.
7. Bir çox məhsulları bazardan almağa üstünlük verin. Bazar qiymətləri market qiymətlərindən çox-çox aşağıdır.
8. Yerli mal alın. Bu, sizə daha ucuz başa gələr.
9. Bəzi məhsulları bahalı qablaşdırmada deyil, açıq, çəki ilə alın ki, tara pulu ödəməyəsiz. Misal üçün, dəmir qablaşdırmadakı 200 qramlıq zeytun əvəzinə çəki ilə satılan 200 qram zeytun ala bilərsiz. Bəzəkli sellofanda satılan qarabaşaq, lobya, noxud kimi paxlalı bitki və quru ərzaqları açıq, çəki ilə almaq daha ucuz başa gəlir.
10. Kassanın ətrafındakı xırda-para məhsullar (şirniyyat, oyuncaq və s.) müştərilərin impulsiv alış-verişi üçün ora düzülüb. Çalışın marketoloqların pul tələsinə düşməyin.
11. Mövsümə uyğun məhsullar alın ki, ucuz başa gəlsin.
12. Orqanizm üçün zərərli qidalardan imtina edin. Sağlamlığınızı qoruyaraq pulunuza daha çox qənaət edərsiz. Çips, mayonez, ketçup, qazlı, şirin içkilər, kolbasa və s. əvəzinə quru meyvə və çərəz, yulaf, balıq, zeytun, bulqur və s. alın.
13. Yarımfabrikatlardan uzaq olun. Özünüzün hazırlayacağınız təzə dolma, kotlet, pizza, düşbərə və s. dondurulmuş qidalardan daha ucuz və faydalıdır.
14. Bəzi ərzaqları hissələrlə deyil, bütov şəkildə alın. Misal üçün, bütöv bir toyuqdan bir neçə dəfə, müxtəlif yeməklər hazırlaya bilərsiz, nəinki 1 kilo toyuq qanadından.
15. Eyni məhsullar müxtəlif mağazalarda müxtəlif qiymətlərə satılır. Diqqət edin və cibinizə uyğun məkandan alış-veriş edin.
16. Çeşidli çörək bişirməyi öyrənin. Bu zaman pulunuza hər gün 30-40% qənaət edərsiz, həm də süfrənizdə daim təzə, ətirli çörək olacaq. Qənaət etdiyiniz pul ilin sonuna daha sanballı məbləğ olaraq toplanacaq.
17. Səliqəli olun ki, malınız tez sıradan çıxmasın.
18. Borc almayın, borc verməyin, kreditə girməyin.
19. Bir çox reklam aksiyalarına aldanmayın.
20. Gəlirlərin və xərclərin hesabatını aparın.
Qənaət etdiyiniz pullara yaxşı istirahət edə və ya arzuladığınız dəyərli nəsə ala bilərsiniz.