BAKI, 27 fev — Sputnik. Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib. Qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər.
Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı Olimpiya Stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 3 yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib.
Qızlar arasında 30 km məsafəyə yarışda 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri ilk üçlükdə qərarlaşıblar — Validə Cabbarova və Ayan Xankişiyeva finiş xəttini 1 saat, 4 dəqiqə, 35 saniyəyə keçsələr də, fotofinişə əsasən Validə 1-ci, Ayan 2-ci olub. Onlardan 2 saniyə geri qalan Elfanə Camalova isə 3-cü yeri tutub.
17 yaşadək oğlanlar da 30 km məsafəyə mübarizə aparıblar və bu kateqoriyada 1-ci yerə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Nikita Sıtov layiq görülüb — 57 dəqiqə, 43 saniyə. 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri Emil Əliyev və Əhməd Əhmədov isə qalibə 12 saniyə uduzmaqla 2-3-cü yerləri bölüşüblər.
Və nəhayət, gənclər kateqoriyasında "Lokomotiv" klubunun nümayəndəsi Mahmud Məmmədov 60 km məsafəni 1 saat, 37 dəqiqə, 55 saniyəyə başa vurmaqla aşkar üstünlüklə çempion olub. Ondan müvafiq olaraq 3 dəqiqə, 40 saniyə və 3 dəqiqə, 41 saniyə geri qalan Musa Mikayılzadə (BCP/Lokomotiv) və Mikayıl Səfərli (8 saylı Olimpiya İdman Məktəbi) isə 2-ci və 3-cü olublar.