BAKI, 27 fev — Sputnik. Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb. Büst Mükayıl Müşfiqin adını daşıyan parkdan "Azəravtoyol" ASC tərəfindən götürülüb. Bu barədə Sputnik Azərbaycan-a ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
"Büst dağıdılmayıb. Sadəcə, "Sovetski"də yenidənqurma və genişləndirmə işləri aparılır. Mikayıl Müşfiqin büstü də həmin ərazidə yerləşirdi. Büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq" — Nəcəfli bildirib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov isə APA-ya bildirib ki, "Azəravtoyol" ASC məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb: "Bizdə bu haqda məlumat olmayıb. Mən "Azəravtoyol"la danışdım, dedilər, büst dağıdılmayıb, sadəcə, götürülüb və onların bazasında saxlanılır. Hazırda bu məsələni araşdırırıq ki, həqiqəti üzə çıxaraq".