BAKI, 15 fev — Sputnik. Hazırda paytaxtın Yusif Səfərov küçəsində (Mərkəzi Neftçilər Xəstəxanasının qarşısı) təmir işləri həyata keçirilir. Yusif Səfərov küçəsini ikiyə bölən, iki il öncə fəvvarələr salınan park dəmir lövhələrlə çəpərlənib. Lövhələrdə "Azəravtoyol ASC müvəqqəti narahatlığa görə üzr istəyir" sözləri qeyd edilib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda həmin ərazidə yol genişlənməsi işləri həyata keçirilir: "Ərazidə yol genişləndiriləcək. 3 zolaqlı yol 6 zolaqlı yolla əvəzlənir. Ərazidə tikinti işləri ilə əlaqəli avtomobillərin hərəkətində heç bir sıxlıq müşahidə edilmir".
"Yol bağlanmayıb, sadəcə həmin ərazi dəmir lövhələrlə çəpərlənib. Lövhələr də 50 sm yola çıxa bilər. Yəni tikinti maneə yaratmır" — Nəcəfli bildirib.
ASC sözçüsü əlavə edib ki, konkret vaxt məlum olmasa da, 6 zolaqlı yolun təhvili qısa zamanda həyata keçiriləcək. Xətai Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə isə, ərazidə ucaldılan Şah İsmayıl Xətainin heykəli götürülərək "Lalələr" parkında yerləşdiriləcək.
Sözügedən İcra Hakimiyyətinin İctimai, siyasi və hümanitar məsələlər şöbəsinin rəisi Pənah İmanov isə Sputnik Azərbaycan-a bildirib ki, ərazidə yolun genişlənməsi işləri həyata keçirilir: "Sifarişçi Bakı Şəhər İcra Hakimiyyəti, icraçı isə "Azəravtoyol" ASC-dir. Heykəlin götürülməsi məsələsinə gəldikdə, bu işlə Mədəniyyət və Turizm Nazirliyi məşğul olacaq".
Mədəniyyət və Turizm Nazirliyinin (MTN) İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov isə əməkdaşımıza bildirib ki, heykəllərin götürülməsi, qoyulması, yerinin müəyyən edilməsi nazirliyin səlahiyyətində olan iş deyil: "Bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Bu məsələ bizim səlahiyyətimizdə deyil".