BAKI, 24 fev — Sputnik. ABŞ-ın Demokrat Partiyasının nümayəndələri Trampın hakimiyyətdən salınması üçün plan hazırlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat RT telekanalının saytında yer alıb.
"Devid Brok tərəfindən hazırlanmış bu sənəd Donald Trampın devrilməsi ilə bağlı strateji plandır" — deyə RT-nin məlumatında bildirilir.
RT-nin tanış olduğu proqram, Demokrat Partiyasının üzvlərinin Floridada investorlarla görüşündən sonra bəyan edilib.
Təşəbbüsün müəlliflərinin bildirdiyinə görə, sözügedən təkliflər 2020-ci ilə qədər Trampın impiçmentinə aparıb çıxaracaq. Demokratların bununla bağlı əsas silahları Trampın bütün səhvlərinin tənqidi olacaq.
"Onlar prezidentin digər ölkələrin liderləri ilə əlaqələrini, xidməti vəzifəsindən sui-istifadə edib-etmədiyini müşahidə edəcək və yeni administrasiyanın hər bir addımını izləyəcək böyük bir komanda təşkil etməyi düşünürlər" — RT bildirir.
Telekanalın məlumatına görə, qarşıda duran əsas vəzifələrdən biri demokratların Trampa dəstək verən konservativ medianın "dezinformasiyalar"ına əks reaksiya verməsidir.
Bununla yanaşı, onlar sosial şəbəkələrdə "arzuolunmaz" xəbərlərin qarşısını almaq üçün Facebook-la əməkdaşlıq edəcəklər. Üstəlik, Trampa telefonla müsahibə verməyi qadağan etmək və suallara şəxsən cavab verməsinə nail olmaq planlaşdırılır. Bu strategiyanın həyata keçməsi üçün bütün investorlar və vətəndaşlara birlikdə fəaliyyət göstərmək təklif olunur.
Qeyd edək ki, Brok ABŞ-ın sabiq dövlət katibi və prezidentlik uğrunda Trampla yarışmış Hillari Klintonun əsas müttəfiqlərindən biridir.
Bütün bunlarla yanaşı, partiyadaşları Brokun planını ciddi qəbul etmirlər və onu "axmaq, həddindən artıq baha başa gələn layihə" adlandıraraq sərt tənqid edirlər.
Tramp 8 noyabr 2016-cı ildə keçirilən prezident seçkiləri nəticəsində ABŞ-ın 45-ci prezidenti seçilib. Onun inauqurasiyası 20 yanvar 2017-ci il tarixində Vaşinqtonda olub.