BAKI, 23 fev — Sputnik. Ölkənin, o cümlədən paytaxtın küçə və prospektləri böyük qəssabxanaya çevrilib. Yol kənarında, tində, dalanda hərə bir mağaza açaraq, heyvan kəsib satır. Hətta iş o yerə çatıb ki, paytaxtın mərkəz rayonlarında belə, səhərimiz inək səsi ilə açılır. Bu da azmış kimi heyvanlar mağazaların qarşısında kəsilir, yarılır, təmizlənir. Yay aylarında üfunət iyindən həmin ərazinin yanından keçmək belə olmur. “Baytarlıq haqqında” qanuna görə, açıq, həkim nəzarəti olmayan ərazilərdə heyvan kəsimi və ət satışı qadağandır. Amma görünür, müəyyən qurumlar və adamlar bu qanunu gözardı edirlər.
Acınacaqlı haldır ki, heyvan kəsimi nəinki uşaqlardan gizlədilmir, əksinə, paytaxtdakı qəssabxanaların çoxu məktəb yolunun üstündədir. Bu da uşaqların da psixologiyasına ciddi təsir edir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, ölkədə yol kənarında, açıq ərazilərdə kəsilib satılan ətə ehtiyac olmasaydı, yəqin ki, bu problem də yaşanmazdı. Onun sözlərinə görə, bu məhsullara tələb olduğu üçün təklif də artır: “Tələb olanda, təklif meydana çıxır. Bütün dünya bununla nə qədər mübarizə aparsa da, bu, yenə olacaq. Çünki buna tələb var. Necə ki, bütün dünya narkomaniya ilə mübarizə aparır, amma qarşısını ala bilmir. Bu da elə”.
E. Hüseynovun sözlərinə görə, insanların Dövlət Baytarlıq Nəzarəti Xidmətinə, baytarlara inamı qalmadığı üçün əti mağazalardan deyil, açıq kəsim yerlərindən alırlar. Bunun səbəbləri isə müxtəlifdir: “Səhər tezdən kolxoz bazarına gedən vətəndaş görür ki, “yeni kəsilmiş” heyvan cəmdəklərinin üzərində möhür var. Gedir xüsusi mağazalara, görür ki, yenə də “yeni” məhsulun üzərində möhür var. Alıcıda fikir formalaşır ki, bəyəm baytarlıq idarəsinin işçiləri gecəni yatmır? Ancaq möhürləmə ilə məşğuldurlar? İstehlakçı bilir ki, həmin möhürlər saxta möhürdür. Satıcıların özündə də o möhürdən var. Nə qədər ki, ölkədə yalan yoxlamalar, yalan ekspertiza var, insanlarda inam olmayacaq”.
İstehlakçının “yalançı ekspertiza” ilə təkcə ət mağazalarında deyil, digər sahələrdə də rastlaşdığını vurğulayan ekspert bildirib ki, hazırda bazarda külli miqdarda mənşəyi məlum olmayan mallar var.
“Üstəlik baytarlıq idarəsi elan edib ki, at-eşşək ətini satmaq cinayət deyil, sadəcə olaraq, istehlakçılara satılan ətin nə əti olduğu deyilməlidir. Daxili İşlər Nazirliyi bununla bağlı mübarizə aparsa da, Dövlət Baytarlıq Nəzarəti Xidməti 200 manat cərimə etməklə məsələni bağlayır. Qanunlarda boşluğun olması ona gətirib çıxarır ki, əhalidə dövlət orqanlarına inam ölür və küçədə satılan məhsullara önəm verməyə başlayır” – deyə Hüseynov bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, “Baytarlıq haqqında” qanuna görə, yol kənarında, nəzarətdən kənar yerlərdə heyvanların kəsilməsi qadağandır və bununla ciddi mübarizə aparılır: “Cari ildə mənşəyi, harada kəsilməsi məlum olmayan, baytar həkimin nəzarətindən kənarda kəsilən 1,5 ton ət aşkar olunub. Müayinələr zamanı bu ətlərdə bakterioloji çirklənmə aşkarlanıb və baytar-sanitar baxımdan yararsız olduğu müəyyən edilib. Bir sözlə, yol kənarında, insanların gözü qarşısında, açıq şəraitdə heyvan kəsimi və satılması qeyri-qanunidir”.
Müsahibimiz bildirir ki, bununla mübarizə aparmaq üçün təkcə onlar deyil, həmin ərazinin sahə müvəkkili, gigiyena və epidemiologiya şöbəsi, İcra Hakimiyyəti orqanları var. Heyvan kəsiminə onlar da nəzarət etməlidirlər. Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanların sağlamlığına nəzarəti həyata keçirir. Orada satışa kimin icazə verdiyi ilə də maraqlanmaq lazımdır.
Y. Xanvəli qeyd edir ki, hazırda Dövlət Baytarlıq Nəzarəti Xidmətində qeydiyyatda keçən, hər bir şəraitlə təmin olunmuş, qapalı şəraitdə fəaliyyət göstərən 12 kəsim məntəqəsi var. Həmin kəsim məntəqələrində baytarlıq-sanitariya laboratoriyaları fəaliyyət göstərir: “Heyvan kəsilməmişdən öncə müayinə edilir, baxış keçirilir, heyvanın sağlam olub-olmaması müəyyən edilir. Bundan sonra heyvanın kəsilməsinə icazə verilir. Kəsiləndən sonra nümunələr götürülür, laboratoriyada müayinə edilir və ətin satılmasına icazə verilir. Bundan sonra ətin sağlamlığına dair arayış verilir, həm də ətə möhür vurulur ki, ət Baytarlıq İdarəsinin yoxlamasından keçib”.
O ki qaldı yol kənarlarında heyvan kəsimin insanlara psixoloji təsirinə, Y. Xanvəli deyib ki, heyvan kəsənlər həmin ərazidən hamilə qadının, körpə uşaqların, qocaların və ya qandan qorxan kimsənin keçə biləcəyini başa düşməlidirlər.
Psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə, açıq ərazilərdə heyvan kəsimi insanların psixikasına təsir edə bilər: “Açıq yerlərdə heyvan kəsimi hər kəsə təsir edə bilər, xüsusən də uşaqlara. Kəsilmiş heyvan bədəninin hissələrini görən uşaqda maraq, qorxu və eyni zamanda suallar yarana bilər ki, bu heyvan necə kəsilib. Bu uşağın psixikasını poza bilər. Uşaq bu kimi davranışlara meyllənə və yaxud ət yeməkdən imtina edə bilər”.