Azərbaycanda, dolların bahalaşması, xüsusilə manatın ikinci devalvasiyasından sonra bütün sahələr üzrə kəskin qiymət artımları baş verdi. Sputnik indiyədək bir sıra sahələr üzrə yaşanan bahalaşmanın səviyyəsi və bunun təsirləri ilə bağlı araşdırmalar aparıb, oxucuları məlumatlandırmışıq.
Bu dəfə paytaxt və bölgələrdə ət və ət məhsullarının qiymətlərində yaranan dəyişiklikləri araşdırdıq. Apardığımız müşahidələr göstərir ki, ət və ət məhsullarının qiymətində ciddi dəyişiklik müşahidə olunmur. Beləliklə:
Bakının bazar və marketlərində mal ətinin 1 kiloqramı (kq) istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Sümüksüz mal əti 9,50-10 manata, qoyun ətinin 1 kq-ı 9-10 manata satılır. Bir çox supermarketlərdə sümüklü mal ətinin qiyməti 8-10 manat, sümüksüz mal əti və qoyun əti 11-12 manat arasında dəyişir.
Toyuq ətinin 1 kiloqramı 2,40-5 manat, yerli istehsal sosiskaların kq-ı 4-10 manat, kolbasalar 5-10 manat, donuz əti 8-9 manat arasında dəyişir.
Bölgələrə gəlincə:
Şimal bölgəsində mal əti 5 manata, qoyun əti 6-7 manata, donuz əti 7 manata, kənd çolpası 7 manata, hind toyuğu 4,50-5 manata satılır.
Cənub bölgəsində mal əti 5-6 manata, qoyun əti 7-9 manata, toyuq əti 2,80-3,20 manata təklif edilir.
Qərb bölgəsində mal əti 6-6,50 manata, qoyun əti 8-10 manata, toyuq əti 4-5 manata satılır.
Respublikanın mərkəz bölgələrində mal əti 6-6,50 manat, qoyun əti 7 manat, toyuq əti 2,80-3,50 manat, kolbasa 4-8 manat arasında dəyişir.
Naxçıvanda mal və qoyun əti 8 manata, sümüksüz mal əti 10 manata, toyuq əti 3,50-3,60 manata satılır.