BAKI, 21 fev – Sputnik. “Rəsmi Tehran İranı tənqid edən ölkələri ittiham etməkdənsə, bölgədəki siyasətini gözdən keçirsə yaxşıdır. Çünki region dövlətləri İrandan bunu gözləyir”. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Müftüoğlu iranlı həmkarı Bəhram Qasıminin Türkiyəyə qarşı ittihamlarına cavab verərkən deyib.
"Bölgədəki böhranlar səbəbi ilə ölkəsinə qaçqın olaraq sığınan insanları belə müharibə zonalarına göndərməkdən çəkinməyən bir ölkənin regiondakı gərginliyə və qeyri-sabitliyə görə məsuliyyəti başqalarının üzərinə atmasını anlamaq mümkün deyil. Maraqlıdır ki, İran bölgədə yürütdüyü siyasətinin təqdir edildiyini və ədalətli olduğunu iddia edir. Ancaq BMT və İslam Əməkdaşlıq Təşkilatı tamam başqa şeylər söyləyir”.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl jurnalistlərlə görüşündə, İranın xarici siyasətini tənqid edərək, rəsmi Tehranın bölgədə məzhəbçilik yaydığını söyləmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan da İranı bölgədə məzhəbçilik adı altında fars millətçiliyi ideologiyasını yaymaqda ittiham etmişdi.
Bunun üzərinə açıqlama verən İranın XİN sözçüsü Bəhram Qasımi, Ərdoğanı kobud olmaqda təqsirləndirmişdi: “Cənab Ərdoğan, İran dövlətinin regionda sülhü qorumaq üçün nələr etdiyini çox yaxşı bilir. Bunu bölgə rəhbərləri arasında hamıdan yaxşı elə Ərdoğan özü bilir. Bölgədəki terror təşkilatlarını gizli və açıq şəkildə dəstəkləmək, başqa ölkələrin ərazi bütövlüyünü kobudcasına pozmaq gələcək adına olduqca təhlükəlidir”.