BAKI, 18 fev — Sputnik. Almaniyanın Münhen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub. Bu barədə Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.
Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dünən Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı işə başlayıb. Tədbirdə 30-dan çox dövlət və hökumət başçısı, həmçinin 100-ə yaxın xarici işlər və müdafiə nazirləri iştirak edəcək. Konfrans fevralın 19-da başa çatacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda iştirak etmək üçün Almaniyada səfərdədir.