BAKI, 17 fev — Sputnik. London və Kardiff universitetlərinin alimləri zərərli idman növləri barəsində yeni araşdırmalar aparıblar. Nəticədə aşkar edilib ki, futbol beyinə olduqca mənfi təsir edir.
Sputnik Azərbaycan Sky News-a istinadən xəbər verir ki, alimlər müxtəlif illərdə vəfat etmiş 6 futbolçunun beynini tədqiq etdikdən sonra belə qənaətə gəliblər. Vəfat etmiş futbolçuların beyninin boz maddəsinin quruluşunda dəyişikliklər aşkar olunub. Alimlərin fikrincə, məhz bu dəyişikliklər onlarda demensiya və vaxtından əvvəl ölümə səbəb olub.
"İllər ərzində futbolçular çoxsaylı mikrotravmalar alırlar ki, bu da beynin toxumasına ciddi ziyan vurur. Nəticədə idmançılarda baş gicəllənməsi, baş ağrıları, huşsuzluq, əsəbilik kimi simptomlar inkişaf edir" — alimlər bildirirlər.
Onların sözlərinə görə, bu simptomlar idmançılarda xroniki travmatik ensefalopatiyanın inkişafına işarə edir: "Vaxt keçdikcə ensefalopatiyanın fonunda ağıl zəifliyi inkişaf edə bilər".
Alimlərin araşdırmaları göstərir ki, professional səviyyədə Amerika futbolu ilə məşğul olan idmançıların 96%-də xroniki travmatik ensefalopatiya əlamətləri müşahidə olunur.