BAKI, 16 fev — Sputnik. Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubunun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı artıq hər kəsə məlumdur. Klubun dağılma səbəbi Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun maliyyələşdirmədən imtina etməsi ilə bağlıdır.
Mətbuatda gedən məlumatlara əsasən, "Azəryol" yoluna başqa adla davam edəcək. Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Azəryol” voleybol klubunun direktoru Nazim Seyidli ilə danışıb.
"Azəryol" klubu dağılsa və ya digər adda fəaliyyət göstərsə, yenə də hazırkı “Azəryol” klubu tarixə qovuşacaq. Maliyyə tərəfdən çətinlik olduğu üçün klub bağlanır" — Seyidli bildirib.
Direktor yeni klubun yaranma məsələsinə də aydınlıq gətirib: “Bəli, klub başqa bir ad ilə fəaliyyətə davam edəcək. Klubun adı kimi heyətində də dəyişiklik olacaq. Klubun işçiləri olduğu kimi qalacaq, amma idmançılarda dəyişiklik olacaq. Üstünlük yerli idmançılara veriləcək”.
N.Seyidli onu da bildirib ki, klubun yeni adla fəaliyyətə başlaması bir müddət sonra olacaq: ”Çünki klubun kim tərəfindən alınması məlum deyil. Ona görə də hələ heç bir fikir deyə bilmərik. Yeni rəhbərlik nə qərar verəcəksə, o olacaq. Ola bilər mən direktor vəzifəsində qalım, ola da bilər ki, mən də başqası ilə əvəz edilim”.