BAKI, 15 fev — Sputnik. Fevralın 15-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. Parlamentin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclası Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova açıb.
Vitse-spiker iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib. O, qeyd edib ki, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Bahar Muradova hər iki sənədin Azərbaycan prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu vurğulayıb. Vurğulanıb ki, bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır, düzəlişlərin mahiyyəti internetdə mövcud olan qanuna zidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək.
Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid hər iki sənəd barədə ətraflı danışıb. Qeyd edilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” sənədə edilən dəyişiklik internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə aparılıb. Bunun üçün qanuna yeni fəsil, yeni maddələr əlavə olunub, xeyli dəyişikliklər edilib. İnternet informasiya ehtiyatlarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənir. Bildirilib ki, “Telekommunikasiya haqqında” qanunda edilən dəyişikliklər də telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək üçün irəli sürülür.
İclasda iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, hər iki qanun layihəsi ölkəmizdə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verə biləcək sənədlərdir. Davamlı olaraq Azərbaycanda internetin, informasiya kommunikasiya texnologiyalarının, informasiya cəmiyyətinin inkişafı qanunvericilikdə öz əksini tapır. Azərbaycan inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni milli strategiyada da bu təsbit olunub.
Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.