BAKI, 15 fev — Sputnik. Azərbaycanlı ifaçılar dünyanın müxtəlif ölkələrində keçirilən məşhur musiqi layihələrində uğurla çıxış edirlər. Son üç gündə Azərbaycan mediası gənc müğənni Cavid Məmmədovun “Ukraynanın səsi-7” şousundakı möhtəşəm çıxışından yazır. Hazırda layihədə iştirakını davam etdirən Cavid Sputnik Azərbaycan-a verdiyi müsahibədə sözügedən yarışma və ukraynalıların onun çıxışına münasibəti barədə danışıb.
- Cavid, sizi heç kəs tanımırdı, amma indi siz nəinki Azərbaycanda, xaricdə də populyar olmusunuz. Nə hiss edirsiniz?
— Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Düşünmürəm ki, ulduz xəstəliyinə yoluxacam. Mən ulduz deyiləm, hamı kimi adi insanam. Gəncədə anadan olmuşam və həmişə də orada yaşamışam. Düzünü desəm, mən pianoçuyam və heç vaxt vokalla məşğul olmamışam. Təəssüf ki, maddi imkansızlıq ucbatından lokomotiv deposunda çilingər işləməyə məcbur olmuşam. Bu, çox çətin və ağır işdir. Mənim üçün çox çətindir. Əllərimdə çatlar əmələ gəlib, barmaqlarım travma alıb və başa düşürəm ki, belə davam etsə, heç vaxt piano çala bilməyəcəm. Musiqiçi üçünsə bunun nə demək olduğunu bilirsiz. Bu işdən getdim, mahnı qoşmağa və onları oxumağa başladım. Gəncədə restoranda oxumağa başladım. Elə həmin gündən də həyatım dəyişməyə başladı. Çünki mən artıq sevdiyim işlə məşğul olurdum və bundan pul qazanırdım, baxmayaraq ki, bu, elə də çox pul deyildi.
- Bəs “Ukraynanın səsi” yarışmasına necə düşdünüz?
— Tamamilə təsadüfən. Restoranda işləyərkən mən çox yaxşı bir insanla tanış oldum. O, mənə çox kömək elədi. Bir dəfə zəng edib dedi ki, audioyazımı “Ukraynanın səsi” yarışmasına göndərib və onlar məni seçiblər, indi isə Kiyevə kastinqlərə dəvət ediblər. Düzü bunu heç gözləmirdim. Şokda idim. Uzun müddət özümə gələ bilmədim. Çünki kiminsə sənin ifanı qiymətləndirməsi gözəl hissdir.
- Sizə bu şouya getməyə kim kömək etdi?
— Mən özümə gələndən sonra başa düşdüm ki, ora gedə bilməyəcəm, çünki pulum yoxdur. Mən öz əmək haqqımı yığmağa başladım. Əmək haqqım azdır və mən dostlarımdan borc istədim. Sağ olsunlar, onlar etiraz eləmədilər və kömək əllərini uzatdılar. İkinci tura getmək üçünsə mənə artıq başqa insanlar kömək etdilər. Onlar birinci turdan keçdiyimi biləndən sonra mənə kömək etmək qərarına gəliblər və bütün xərclərimi öz üzərilərinə götürüblər.
- Bəs siz niyə öz seçiminizdə məhz “Gözü dönmüş” filmindən, Antonio Banderasın repertuarından olan "Cancion del mariachi" mahnısı üzərində dayandınız?
— Düzü, mən tamam başqa mahnı ifa etmək istəyirdim. Amma bu mahnı da mənim şounun təşkilatçılarına təqdim etdiyim kompozisiyaların siyahısında idi. Bu layihənin prodüserləri Ukraynada mənə dedilər ki, məhz bu mahnını oxuyum. Çünki mən qafqazlıyam və qafqazlılar da çox temperamentlidirlər və yaxşısı budur, bu mahnını oxuyum, çünki məndə ən yaxşı bu alınır. Mən də razılaşmalı oldum.
— Sizin ifanıza yalnız ukraynalı müğənni Camala döndü. Bəs siz onun komandasına düşmək istəyirdiniz?
— İstərdim ki, bütün münsiflər mənim ifama dönsünlər, amma Camalanın komandasına düşməyimdən şikayətçi deyiləm. O, çox güclü ifaçıdır. Mən bunu Camala mənimlə məşğul olmağa başlayandan sonra başa düşdüm. Bundan əlavə, o, türkəsilli olduğu üçün mənə hamıdan yaxındır. Onun mənimlə birlikdə səhnəyə çıxıb bizim xalq mahnımız olan "Küçələrə su səpmişəm"i oxuması gözlənilməz oldu. Onun Azərbaycan dilini bildiyini və bu mahnını eşitdiyini bilmirdim.
- Camalanın komandasında sizinlə yanaşı Ermənistandan olan ifaçı da iştirak edəcək. Siz bunu bilirdiniz?
— Bəli, əlbəttə.
- Bəs bu barədə nə düşünürsünüz? Əgər sizə onunla duet oxumaq təklif olunsa, oxuyarsınız?
— Bu, dünya səviyyəli layihədir və ona görə də, orada müxtəlif ölkələrdən müğənnilər iştirak edir. O, Ermənistanı təmsil edir, mən də Azərbaycanı. Bizim hər birimiz öz missiyamızı yerinə yetirəcəyik. Mənim məqsədim bu layihədə iştirakı davam etdirmək üçün lazım olan hər şeyi etməkdir. Duetə gəlincə, mənə hələ bu barədə heç nə məlum deyil. Bunların hamısını prodüserlər və mənim müəllimim Camala həll edir. Mən xalqımın etimadını doğrultmağa və vətənimi layiqincə təmsil etməyə çalışıram.
- Ukraynalılar sizin ifanızı necə qəbul etdilər? Onların mesajlarında, reaksiyalarında mənfi nə isə hiss elədiniz?
— Ukraynalıların hər şey çox xoşlarına gəldi. Ukraynada çıxım zamanı zalda olan tamaşaçılar məni çox yaxşı qəbul etdilər və hətta mənimlə birlikdə oxudular. Mənə böyük həcmdə mesajlar gəlir və təəssüf ki, onların hamısını oxuyub çatdıra bilmirəm. Hətta başa düşmürəm ki, onlar nömrəmi haradan əldə edirlər. Çox xoşdur ki, çıxışım onların xoşuna gəlib. Hələlik mənfi heç nə deməyiblər və yazmayıblar. Mən bütün məıktublara cavab verə bilmirəm, çünki vaxt yoxdur. Çoxları inciyir. Hətta mənə yazırlar: “Sizə “sağ ol” sözünü yazmaq belə çətindir? İstəyirəm bütün insanlar bilsinlər ki, mən bu müsabiqəyə ulduz olmaq, yaxud da pul qazanmaq üçün getməmişəm. Sadəcə sevdiyim işlə məşğul olmaq və Azərbaycanı, eləcə də öz şəhərim Gəncəni layiqincə təmsil etmək istəyirəm.
- Qələbənizə inanırsınız?
— Dəqiq deyə bilmərəm. Əgər müsabiqənin prodüserləri mənə öz repertuarımı seçmək imkanı versələr, onda qalib gələ bilərəm. Təəssüf ki, bütün bunlar mənim əlimdə deyil. Elə mahnılar var ki, mənim səsimə görə deyil, onları ifa etmək mənə çətindir, amma oxumalıyam. Əgər uduzsam belə, əsas iştirak etməkdir. Bunun özü artıq mənim üçün qələbədir.
- Bu müsabiqədən sonra nə işlə məşğul olmaq fikrindəsiniz?
— Vokalla məşğul olmağı çox istəyirəm. Bununla əlaqədar olaraq, mən heç olmasa 1 il Bakıda yaşamalıyam. Çünki burada yaxşı vokal müəllimləri var. Peşəkar ifaçı olmaq istəyirəm.