BAKI, 13 fev — Sputnik. Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdımuhəmmədov 3-cü müddətə prezident seçilib. Sputnik Tacikistan-ın verdiyi məlumata görə, Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 12-də keçirilən prezident seçkiləri ilə bağlı bu gün səhər yekun nəticələri açıqlayıb.
Rəsmi məlumata görə, hazırkı prezident Qurbanqulu Berdımuhəmmədov səslərin 97,69%-ni toplayıb. MSK seçki məntəqələrinin 97,27%-nin artıq seçkilərin nəticələri barədə məlumatları təqdim etdiyini bildirib.
Xatırladaq ki, 2016-cı ilin sentyabrında Türkmənistanda yeni Konstitusiya qüvvəyə minib. Bu ali qanuna görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb.
Qurbanqulu Berdımuhəmmədov artıq iki müddət prezidentliyini başa vurub. O, Türkmənbaşı Saparmurad Niyazovun ölümündən sonra ölkədə hakimiyyət başına gəlib. 14 fevral 2007-ci ildən indiyə qədər Türkmənistanın prezidenti postundadır.
Bu dəfəki seçkilərdə Qurbanqulu Berdımuhəmmədovla birlikdə 9 namizəd yarışırdı. Onlardan üçünün namizədliyi Türkmənistanın tarixində ilk dəfə olaraqsiyasi partiyalar tərəfindən irəli sürülüb.
Qurbanqulu Berdımuhəmmədovun namizədliyi Türkmənistan Demokratik Partiyasından irəli sürülüb. Bu seçkidə Berdımuhəmmədovun əsas rəqibləri Sənayeçilər və Sahibkarlar Partiyasının üzvü, "Rısqal" aksioner-kommersiya bankının idarə heyətinin sədri Bekmırat Atalıyev və Aqrar Partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Orazov hesab edilirdi.