BAKI, 11 fev-Sputnik. ABŞ prezidenti Donald Tramp gələn həftə ölkə təhlükəsizliyi üçün yeni tədbirləri açıqlayacağını söyləyib. Sputnik Azərbaycan hurriyet-ə istinadla xəbər verir ki, Donald Trampa ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı verilən bir suala "Önümüzdəki həftə ölkə təhlükəsizliyi ilə əlaqədar yeni təhlükəsizlik tədbirlərini açıqlayacağam" cavabını verib.
Ölkə təhlükəsizliyi üçün hər şeyi edəcəklərini vurğulayan Tramp apelyasiya şikayətinin təmin edilməməsi ilə əlaqədar məsələni Ali Məhkəməyə daşıyacağına eyham vurub və iddianı qazanacaqlarını müdafiə edib.
Qeyd edək ki, ABŞ-ın Sietl federal məhkəməsi Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Bütün ölkə ərazisində qüvvəyə malik məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.