BAKI, 10 fev — Sputnik. Qalmaqallı bloqçu Aleksandr Lapşinin Bakıya ekstradisiyası həftənin ən mühüm hadisəsinə çevrildi. Bakıya "meydan oxuyan", "sərhədlərinizi istədiyim zaman yenidən pozaram" deyən bloqçunun əli qandallı şəkildə Azərbaycana gətirilməsini ictimaiyyət çoşqu ilə qarşıladı.
Rusiya və İsrail vətəndaşlığı olan Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.
Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. Lapşinin vəkili bu qərardan Minsk Şəhər Məhkəməsinə şikayət edib. Lakin məhkəmə Baş Prokurorluğun qərarını əsaslı sayıb və bloqçu Bakıya təhvil verilib.
Beləliklə, Azərbaycan diplomatik qələbə qazandı. Lakin bloqçunun Minskdə həbsi və Bakıya təhvil verilməsi qalmaqal da yarada bildi. Belə ki, Belarusun bu addımı beynəlxalq hüquqa hörmət olmaqla yanaşı, Rusiya-Belarus münasibətlərində müəyyən problemlər yaratmış oldu.
Bütün bu siyasi çalarlar Lapşinin həbsi ətrafında yaranan ajiotajın effektini daha da gücləndirdi. Elan olunan ittihamlara (sərhəddi qanunsuz keçmə, ərazi bütövlüyünə qarşı çağırışlar) görə bloqçunu bir neçə il həbs cəzası gözləyir.
Lapşinin qoluna vurulan qandala münasibətdə iqtidar və müxalifət eyni mövqedən çıxış etdi və bunu Bakının diplomatik uğuru adlandırdılar. Əslində, bu, anlaşılandır. Azərbaycanın ərazi bütövlüyünə nümayişkaranə şəkildə hörmətsizlik edən şəxsin əlinə qandal vurulması ilk dəfə idi müşahidə edilirdi.
İndi Lapşin qalmaqalının ikinci mərhələsi başlamaqdadır. Bu mərhələdə söhbət Lapşinin cəzalandırılması ilə yanaşı, yaranmış vəziyyətdən tam qələbə ilə çıxmaqdan gedir. Vurğulamaq lazımdır ki, İsrail Azərbaycan qanunlarını pozan öz vətəndaşının əllərinə vurulan qandalın açılmasını arzulayır və istisna deyil ki, onun azad edilməsində israrlı olacaq. Lapşin orta səviyyəli bir bloqçudur, o, iri ranqlı bir kəşfiyyatçı (olsa olsa, sıradan bir agentdir) deyil ki, ona görə Azərbaycan özünün yaxın və ya uzaq qonşuları ilə münasibətləri korlamaqda maraqlı olsun.
Sadəcə, Lapşin və onu idarə edənlər məğlubiyyətlərini sığorta etmək üçün qalmaqalın siyasiləşməsinin tərəfdarıdırlar. Aydın məsələdir ki, Bakı bloqçuya görə müttəfiqləri ilə münasibətlərin pisləşməsinə getməyəcək və vəziyyətdən maksimum yararlanmağa çalışacaq. Lapşin artıq Azərbaycan xalqından üzr istəyib və bütün bunlar Bakının xeyrinə işləyir.
Hazırkı mərhələdə Lapşinin istintaqı tam ölkə qanunlarına uyğun aparılmalı, onun müdafiəsi təmin edilməli, spekulyasiyalar üçün əl yeri qoyulmamalı və oyun yenidən başlamamalıdır. Əslində, Lapşini qarşılamaq üçün Bakı aeroportuna avtomatla silahlanmış xüsusi təyinatlıları göndərmək və bloqçunun avtomatlıların müşayiətilə çəkilən fotosunun bütün dünyaya yayılması uzun müddət internetdə qalacaq və bu, Bakının mesajı olacaq. Əlbəttə, bu, Qarabağa getmək və Azərbaycanı tənqid etmək istəyənlər üçün qabaqlayıcı amil sayıla bilər.
Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Lapşinin həbsini insan hüquqlarının pozuntusu kimi qələmə vermək nə dərəcədə doğrudur? Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində Lapşin amilindən istifadə ediləcəkmi? Avropada və Amerika Birləşmiş Ştatlarında təşkilatlanmış erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsi aparır. Onlar Azərbaycanda insan hüquqlarının pozuntusunu ona görə xüsusi vurğulayırlar ki, Qarabağın ifadə azadlığının pozulduğu bir ölkənin tərkibində ola bilməsinin imkansızlığını bəyan etsinlər.
Lakin beynəlxalq hüquqa görə, ifadə azadlığı mütləq azadlıq deyil və müəyyən legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən biri də "ərazi bütövlüyü" anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə azadlığının konkret hansı hallarda qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir.
Lapşinin Azərbaycana təhvil verilməsinin hüquqi baxımdan mübahisəli tərəfi də mövcud deyil. Bloqçu dəfələrlə qanunsuz şəkildə Azərbaycanın sərhədlərini keçib və cinayət işlədib. Onun əli avtomatlıların müşayiəti ilə çəkilən fotosunun bütün dünyaya nümayiş etdirilməsi Qarabağa Bakının icazəsi olmadan səfər etmək istəyənlərin hamısına dərs oldu. Artıq heç kəs Lapşinin aqibətini yaşamaq istəməyəcək.
İstisna deyil ki, Lapşin nə vaxtsa azad ediləcək və o, növbəti dəfə üzr istəyəcək. Onun azadlığı müqabilində Azərbaycanın qazancı nə olacaq? Belə suallara cavab bəzən uzun zaman keçdikdən sonra bəlli olur…