BAKI, 10 fev — Sputnik. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqçu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər kəsə mesajdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu proses, eyni zamanda, Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə bu cür qanun pozuntuları ilə müşayiət olunan hərəkətlərə qarşı qətiyyətli mövqeyinin məqsədyönlü nəticəsidir: “Eləcə də Azərbaycan Prezidentinin həyata keçirdiyi işin müsbət nəticəsidir. Hesab edirəm ki, bu bir çəkindirici xarakter daşıyır, indiyədək bu cür hərəkətlərə yol verənlərin öz səhvini anlamasına və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək belə bir yanlışlığa yol verdikləri üçün üzrxahlıq etməsinə də şərait yaradır”.
Onun sözlərinə görə, eyni zamanda, bu işi təşkil edən Ermənistan hakimiyyəti və erməni lobbisinin hər cür yalançı təşviqatına uymamaq üçün digər ölkənin vətəndaşlarına da bir mesajdır. Hesab edirəm ki, hər kəs bundan dərs almalıdır”.