BAKI, 9 fev — Sputnik. Kiyev “Dinamo”sunun və SSRİ-nin futbol üzrə yığmasının sabiq qapıçısı Viktor Çanov 57 yaşında vəfat edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Çanov fevralın 8-də Bakı vaxtı ilə saat 20:50-də vəfat edib.
Futbolçu ölümündən bir neçə həftə əvvəl hücuma məruz qalıb. Yanvarın 20-də Kiyev yaxınlığında naməlum şəxslər onun avtomobilini saxlayıblar və idmançını döyüblər. Çanov bu zaman müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alıb. O, növbəti gün əməliyyat edilib. "Dinamo"nun veteranının ölüm səbəbi barədə məlumat verilməsə də, onun vəfatının döyülməsi ilə bağlı olduğu güman edilir.
Çanov Kiyev “Dinamo”sunun və "MOİK-Borisfen"in, Donetsk “Şaxtyor”unun, İsrailin “Makkabi”sinin (Hayfa) və “Bney İequda”sının şərəfini qoruyub.
Qapıçı üçqat SSRİ çempionu, beşqat SSRİ kubokunun sahibidir. O, həmçinin İsrail çempionu, 1986-cı ildə isə UEFA Kuboklar kubokunun qalibi olub.
Çanov SSRİ yığmasında 1982-ci ildən 1990-cı ilə qədər çıxış edib. Bu müddət ərzində o, 21 matçda çıxış edib və 8 top buraxıb.
SSRİ yığmasının heyətində o, 1988-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olub.
Viktor Çanovun qardaşı Vyaçeslav Çanov uzun müddət Bakı “Neftçi”sinin qapısını qoruyub.