CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt avtobuslarında qorxunc mənzərə

© Photo : BNDAvtobuslar
Avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai nəqliyyatda hökm sürən anti-sanitar vəziyyət ciddi narazılıq doğurur

BAKI, 8 fev — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda marşrut xətlərinə yeni avtobuslar salsa da, xəttlərdə hələ də köhnə avtobuslar fəaliyyət göstərir. Sərnişinləri narahat edən məsələlərdən biri də bu avtobusların çirkli,antisanitar vəziyyətdə olması və gec-gec təmizlənməsidir.

BakuBus MMC-yə məxsus avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının nəqliyyat sistemində problem yaranıb

Bu vəziyyət qış aylarında özünü daha çox biruzə verir. Palçıqlı-kirli avtobuslardakı oturacaqlar, tutacaqlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Bu çirkliliyin yaranmasında sərnişinlərin də günahı var. Avtobusda tum çırtlayan, saqqız çeynəyib oturacaqlara və ya tutacaqlara yapışdıran, meyvə şirəsini içib şüşəsini yerə atan sərnişinlər də, təmizliyi tələb edən sərnişinlər də var.

Bəs Bakı şəhərində ictimai nəqliyyatın təmizlənməsinə kim nəzarət edir? Avtobus sürücüləri gigiyenik qaydalara riayət etməsə, hansı cərimələr tətbiq edilir?

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, avtobusların tərtibatı və təmizlənməsi ilə bağlı Nazirlər Kabinetinin 141 saylı qərarı var: "Bu qərarın müəyyən tələbləri olmaqla yanaşı, Bakı Nəqliyyat Agentliyinin də müəyyən tələb və qaydaları var. Bu tələblər də 141 saylı qərardan irəli gəlir. Avtobusların təmizliyinə isə Səhiyyə Nazirliyi nəzarət edir. İnzibati tədbir görmək Səhiyyə Nazirliyinin üzərinə düşür. Gigiyena və Epidemiologiya Mərkəzi özü avtobusların təmizliyinə nəzarət etməlidir".

M. Ağayev bildirir ki, hər bir avtobus hər gün xəttdən istehsalat bazasına — qaraja geri qayıdandan sonra avtobus istifadəçisi tərəfindən təmizlənməlidir: "Hər bir istehsalat bazasının yuyucu yeri olmalıdır və avtobuslar hər gün yuyulmalı, dezinfeksiya edilməlidir. Bu, bütün avtobuslara aiddir. Qaraj sistemində yoxlamalar zamanı problemlər aşkarlanırsa, biz müəyyən qurumlara və daşıyıcıya xəbərdarlıq edirik ki, müəyyən tədbirlər görülsün. Amma Səhiyyə Nazirliyinin müvafiq qurumu mütləq buna nəzarət etməlidir".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə isə, əvvəllər ictimai nəqliyyatda gigiyenik qaydalara riayət edilməməsi halları daha çox müşahidə edilirmiş: "Əvvəllər avtobuslar çirkli, təmizlənməmiş halda xəttə buraxılırdı. Uzun zaman aparılan müzakirələrdən sonra ictimai nəqliyyatda bir dönüş yarandı. Bu "Bakubus" avtobuslarının şəhərin küçələrində istifadəyə buraxılmasından sonra oldu. Amma hal-hazırda ətraf rayonlarda dəhşətli dərəcədə çirkli avtobuslar xəttə buraxılır. Onlar bəlkə həftələrlə yuyulmur ki, bu da xəstəlik mənbəyidir. Hər avtobus günün sonunda mütləq həm texniki baxışdan keçməli, həm də yuyularaq təmizlənməlidir".

Bakı Nəqliyyat Agentliyi metronun Koroğlu stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində monitorinq keçirib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəhbərlik sərnişin avtobuslarında ciddi nöqsanlar aşkarladı

Hüquqşünas qeyd edir ki, avtobus sahiblərinin cərimələnməsi ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var: "Çünki sanitar-gigiyenik baxımdan çirkli avtobuslara görə cərimə yazılması birbaşa yol polisinin səlahiyyətində deyil. Buna Səhiyyə Nazirliyinin müvafiq qurumu nəzarət edir. Avtobusun çirkli saxlanılmasına görə, 70-100 manat arası cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 217-ci maddəsinə əsasən, nəqliyyatda sanitariya normalarının və qaydalarının gigiyena normalarını pozan şəxslər 70 manatdan 100 manatadək cərimə olunur. Həmin maddənin tələblərinin pozulmasına görə polisin hər hansı tədbir görmək səlahiyyəti yoxdu. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu qayda pozuntusuna nəzarət etməli olan səlahiyyətli orqandır. Hansısa sərnişin, yaxud səlahiyyətli orqanın nümayəndəsi belə bir faktı aşkar edərsə, epidemioloji xidmətə ərizə ilə müraciət etməlidir. Araşdırma zamanı həqiqətən nəqliyyatda sanitar-gigiyenik normalar pozulduğu aşkar edilərsə, məsul şəxs cərimə edə bilər".

© Sputnik / KarikaturaAvtobuslarda vəziyyət
Avtobuslarda vəziyyət - Sputnik Azərbaycan
Avtobuslarda vəziyyət

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Sputnik Azərbaycan-a deyib ki, Prezidentin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı müvafiq qərarından sonra mərkəz ictimai nəqliyyatın gigiyenik vəziyyəti ilə bağlı yoxlamalar keçirmir: "Bildiyiniz kimi, avtobusların fəaliyyəti özəl sahibkarlığa aiddir. Prezidentin müvafiq qərarından sonra Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamalar keçirmir. Bizim daha yoxlama keçirmək və ya cərimə tətbiq etmək səlahiyyətimiz yoxdur, biz sadəcə maarifləndirmə istiqamətində məsləhətlər verə bilərik. Avtobusların təmizlənməsi ilə şirkətlərin özləri məşğul olmalıdır. Məsələn, avtobuslar təmizlənməli, dezinfeksiya edilməli, yuyulmalıdır. İctimai nəqliyyat vasitələri — istər avtobuslarda, istərsə də metrolarda əl tutacaqları təmizlənməli, əl tutacaqları, oturacaqlar ən azı iki gündən bir dezinfeksiya olunmalıdır".

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, təmizlənməyən avtobuslar xəstəlik mənbəyidir: "Avtobusa hər cür insan minir. Onların arasında ağır yoluxucu xəstəliyi olan insanlar da ola bilər. Buna görə də, avtobuslarda tutacaqlar, oturacaqların başlıqları hər iki gündən bir dezinfeksiya edilməlidir. Əks halda ictimai nəqliyyat yoluxucu xəstəliklərin yayılma mənbəyi ola bilər".

Həkim bildirir ki, ictimai nəqliyyatda bəzi xəstəliklərə, məsələn vərəm, qrip və s. kimi hava damcı yolu ilə yayılan xəstəliklərə yoluxmaq mümkündür: "Məsələn, qrip xəstəsi öskürəndən və ya asqırandan sonra ağız-burnunu salfet olmadığı halda əli ilə silir, daha sonra həmin əl ilə tutacaqlardan tutur. Bunu vərəm xəstələrinə də aid etmək olar. Həmin tutacaqlardan sağlam şəxslər tuan zaman xəstəliyə yoluxma ehtimalı yaranır".

Xəbər lenti
0