BAKI 14 dek — Sputnik. Bakıda nəqliyyat sistemini müasirləşdirmək, bu sahədəki problemləri aradan qaldırmaq üçün "BakuBus" MMC yaradıldı. Doğrudur, bundan sonra paytaxtın ictimai nəqliyyat sistemində bir sıra müsbət məqamların şahidi olduq. Amma bununla belə, hələ də ciddi sıxıntılar yaşanır.
Sputnik-in redaksiyasına müraciıt edən, paytaxt sakini Şəbnəm Əliyeva 6 nömrəli marşrut xəttindən şikayətçidir. "Bu marşrut üzrə hərəkət edən avtobusların vəziyyəti bərbaddır. 6 nömrəli avtobuslar arasında interval 5 dəqiqə olduğu halda, avtobus dayanacağında hər gün, ən azı 15 dəqiqə gözləməli oluram. Bu problem artıq bir aya yaxındır davam edir", — şikayətçi bildirir.
Əlavə edir ki, bir qədər yağış və ya qar yağdığı halda isə, durum daha da dramatikləşir: "Belə hallarda, hətta 30 dəqiqəyədək avtobus gözləməli oluruq. Dekabrın 12-də isə, ümumiyyətlə əzab çəkdik. Saat 18:45-də gəlməli olan avtobus 19:31-də gəldi. Və gəldi, nə gəldi… Ağzınadək adamla dolu! Dayanacaqda gözləyən insanların əksəriyyəti avtobusa minə bilmədi".
"Mən daxil, bir neçə adam birtəhər özümüzü adamların arasına "preslədik". Bu dözülməz vəziyyətdə növbəti dayanacağa kimi getmişdik ki, orada daha böyük izdiham gördük. İçəridə ağız deyəni qulaq eşitmirdi, düşmək istəyənlər qışqırışır, qapıları döyəcləyir, bayırdakılar da içəri keçmək istəyirdilər. Vəziyyət o qədər bərbad idi ki, öz gözlərinizlə görməyiniz lazımdır", — Ş. Əliyeva yazır.
"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev Sputnik-ə açıqlamasında vəziyyəti belə izah edib: "Dekabrın 12-də şəhərdə sıxlıq vardı, bəzi yollar bağlanmışdı. 6 nömrəli avtobusda gecikmələr də bununla bağlı olub".
"Hətta biz özümüz də şəxsi avtomobillərimizdən deyil, ictimai nəqliyyatda istifadə etməli olduq. Bizim iş sistemimiz belədir ki, hər bir avtobus dəqiq intervalla işləyir. Amma həmin, qeyd etdiyim amildən dolayı, 6 saylı avtobuslar alternativ yollarla getməli olub. Həmin alternativ yollarda da sıxlıqlar olduğundan, gecikmələr baş verib", — MMC sözçüsü bildirib.
Piriyevin sözlərinə görə, 6 nömrəli marşrut üzrə hərəkət edən avtobuslar arasında interval 5 dəqiqədir: "Bir avtobusun gecikməsi və intervalda problemin yaranması bizim iş sistemini də çətinləşdirir və məcbur oluruq ki, yeni bir cədvəl quraq. Bu da çətin prosesdir. Bir sözlə, avtobusların intervallarının pozulmasını sizin qədər biz də istəmirik və bunun olmamasına çalışırıq".