BAKI, 7 fev — Sputnik. Ötən gecə azyaşlı uşağı olan ana Bakının Nizami rayonu, Qara Qarayev prospektindəki 94 nömrəli beşmərtəbəli evin damından özünü uşağı ilə birlikdə atmağa cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a sözügedən rayonun polis idarəsindən məlumat verilib.
Məlumata görə, özünü və uşağını öldürməyə cəhd edən ana Sabunçu rayon sakini, 1974-cü il təvəllüdlü Bayramova Məhbubə Mövlud qızı olub. Xoşbəxtlikdən polis və AR Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə vaxtında yetişərək qadınla uşağı xətasız-bəlasız yerə endirməyə nail olublar.
Bu ağılsız hərəkətə Sabunçu rayon məhkəməsinin çıxardığı qərar səbəb olub. İş ondadır ki, Bayramova həyat yoldaşından ayrılıb və məhkəmədə nikahda olduğu vaxt yaşadığı evin yarısına iddia edib. Lakin məhkəmə qadının bu iddiasını təmin etməyib. Çünki qadının evli olarkən yaşadığı həmin evi həyat yoldaşı onunla rəsmi nikaha girməmişdən əvvəl alıb.
Mövcud qanunvericiliyə görə, boşanma zamanı yalnız nikahdan sonra əldə edilmiş əmlak bölünə bilər.
Faktla bağlı araşdırma davam edir.