CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyat bir uşağa qarşı bundan artıq amansız ola bilməzdi...

© Sputnik / Irade JELILAleksey Miroşniçenko
Aleksey Miroşniçenko - Sputnik Azərbaycan
Abunə olmaq
"Döyülürdüm, incidilirdim. Uşaq idim, qaranlıqdan qorxurdum. Gecələr yuxudan oyadıb həyətə çıxarırdılar..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 fev — Sputnik. Deyirlər, insan Allahın yaratdığı ən mükəmməl varlıqdır. Və insan nəyisə əldə etmək istəyirsə, bunu azacıq qüvvə sərf edərək əldə edə bilər. Bu, həqiqətən də belədir. Ən azından buna, körpəlikdən tərk edilmiş, uşaq evlərində, müxtəlif ailələrdə böyümüş İlqara baxanda əmin olmaq olur.

İlqarın 24 yaşı var, ailəsini xatırlamır. Bircə onu bilir ki, "ana" bildiyi qadın xərçəng xəstəliyindən dünyasını dəyişib. İlqar adı da o qadının yadigarıdır. Sənədlərində əsl adı Miroşniçenko Alekseydir.

Aleksey — İlqar Məzun Evinin sakinlərindəndir. Sakit təbiəti, davranışları ilə digərlərindən fərqlənir. Bu yazının ortaya çıxması üçün günlərlə İlqarla danışdım. Həyatının hər anını öyrənmək istədim. Tərk edilməsini, müxtəlif ailələrdə yaşamasını, döyülməsini, incidilməsini, ailə deyib sahiblənmək istədiyi insanların laqeydliyini öyrənmək istədim. İlqar da bütün həyatını paylaşdı mənimlə. Küçədə yatdığı günlərdən, tək qaldığı zamanlardan danışdı. Sizə İlqarın həyatından müəyyən hissələri təqdim edirəm. Bu dünyada hər şeydən çox ümidi olan İlqarın…

Uşaqlığını belə xatırlayır: "4-5 yaşım olardı. Xudatda sadə bir ailədə yaşayırdım. Ailədə iki nəfər də qız uşağı vardı. İsti, mehriban ailə idi. Arada qonşular deyirdilər ki, "bunlar sənin öz ailən deyil". Anamın adını da çəkirdilər. Mən uşaq idim, heç nə başa düşmürdüm. Mənə orada "İlqar" deyirdilər. Bir müddət sonra anam xəstələndi. Dedilər, xərçəng xəstəliyinə tutulub. Həyətdəki mal-qaranı da satdılar onu sağaltmaq üçün. Amma olmadı. Bir gün onu itirdik. Mədinə anamı itirəndən sonra başladı mənim əsl hekayəm…"

Aradan 6-7 ay keçəndən sonra qapıya bir maşın gəlir. İlqara gələn adamların onun ailəsi olduğunu deyirlər. İlqar evi bildiyi, ailəsi bildiyi insanlardan ayrılmaq istəməsə də, onu məcbur bu ailəyə verirlər. Bir müddət Qusarda o ailədə yaşayandan sonra İlqarı əvvəlki ailəsinə qaytarırlar.

"Ata bildiyim adamın adı Azay idi. Azay gəlib məni götürdü, "sənədlərini yığmalıyam" dedi. Sonra məni tanımadığım bir evə gətirdi. Yaşlı adamlar idi. Bütün günü mənimlə mehriban davrandılar. Axşam Azay gəlib məni ordan götürdü, evinə apardı. Azay evlənmişdi" — deyə İlqar xatırlayır.

O, bu evdə bir həftə qaldıqdan sonra Azay onu Bakıya gətirərək, Günəşlidəki 2 saylı Uşaq Evinə qoyur. İlqar ikinci sinifə qədər təhsil alsa da, sənədləri qaydasında olmadığı üçün birinci sinifi təkrar oxumağa başlayır. Həmin vaxt icra hakimiyyətində işləyən bir qadının diqqətini cəlb edir. Qadın bütün həyatı boyu İlqarla maraqlanmağa başlayır.

Dediyinə görə, o vaxtlar uşaqları himayəyə verirmişlər: "Himayəyə götürülən uşaqlar həmişə gəlib yaxşı ailəyə düşdüklərini deyirdilər. Danışırdılar ki, onlara yaxşı baxırlar. Bir gün müdiriyyət mənə dedi ki, "səni də övladlığa götürmək istəyilər, getmək istəyirsənsə, gəl ərizə yaz". Yazdım. Gələn ailə deyirdi ki, guya məni uşaqlıqda gətirib bura qoyublar, əsl ailəm budur. Bilirdim, yalan deyirlər, amma özümü inanmış kimi göstərirdim. Bizə internatda qayğı göstərirdilər. Amma heç bir qayğı ata-ana qayğısının yerini vermir".

Səhər Yusifova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu bacıların həyatı bir film ssenarisidir

İki məhkəmə prosesindən sonra İlqar yeni ailəyə verilir. İlk 3 ayı bu ailədə xoşbəxt olduğunu deyən İlqar danışır ki, əsl problemləri də elə bu ailədə başlayır: "Ailə "Vosmoy bazarı"nda alver edirdi. Məni oxumağa qoymadılar, yanlarında aparıb-gətiridilər, işlədirdilər. 12 yaşım vardı. Bəzən qadın əsəbiləşir, məni qovurdu. Bir il sonra məni səhər tezdən bazara tək göndərirdilər ki, "get, vitrini aç". Qadın tez-tez əsəbləşirdi. Hər əsəbləşəndə də hirsini məndən çıxırdı, qovurdu. Yemək də vermirdilər. Gedirdim meyvə bazarında yeşikləri satır, özümü doyururdum. Gəlib görürdüm ki, özləri yemək alıb yeyirlər, mənə vermirlər".

"Döyülürdüm, incidilirdim. Uşaq idim, qaranlıqdan qorxurdum. Elə vaxt olurdu ki, gecə durğuzub deyirdi ki, "get həyətdə yat". Gecələrimin çoxu həyətdə yatmaqla keçirdi. Qadın qarlı günlərdə çıxarırdı məni həyətə, özü dayanıb pəncərədən baxırdı. Elə əzab çəkə-çəkə həyətdə yatmağı da öyrəndim" — müsahibimiz danışır.

İlqar bildirir ki, bu ailədə əvvəl gündən yatağı olmayıb. Qadın ona bir yorğan veribmiş ki, mətbəxə sal, yat. İlqar elə düşünürmüş ki, ailə belə də olmalıdır. Dözürmüş. İcra hakimiyyətindəki qadın tez-tez gəlib İlqarın vəziyyəti ilə maraqlanırmış: "Evdən pul itdi — mən döyülürdüm, əsəbləşirdilər — mən döyülürdüm. Qısası, nə olsaydı, İlqar günahkar idi. Mənə verdikləri yemək bir parça çörək, bir az da şor idi".

Zülfüqarovlar ailəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzər bu ailədə 10 uşağı yetim qoydu

Uşaq o ailədə su şlanqı ilə döyülür, başına sarımsaq əzənlə vururlar, belində oxlov sındırırlar. Amma dözür. Evdə ara-sıra telefon söhbətləri zamanı İlqar geri qaytarılacağını eşidir, amma inanmaq istəmir. Bir gün ailə rayona gedəndə İlqarı da özləri ilə aparırlar. İlqara deyirlər ki, qal burada, bir az istirahət elə. İlqar 15 gün orada qaldıqdan sonra ailənin istəyi ilə geri qayıdır. Ancaq vəziyyət yenə əvvəlki kimi davam edir.

Bir müddət sonra İlqar məhkəmə yolu ilə yenidən geri qaytarılır. İcra hakimiyyətində işləyən qadın onu məhkəmə prosesi getdiyi müddətdə Suraxanı rayon əqli cəhətdən zəif olan uşaqlar üçün müəssisəyə qoyur. İlqar bir neçə ay orada qalır və məhkəmə qərarı ilə Maştağa internat evinə göndərilir. Nə qədər qəribə olsa da, İlqar həyatının gözəl günlərinin burada keçdiyini deyir. İdmanla məşğul olmağa başlayır, yarışlarda iştirak edir.

"Həyatdan bezmişdim. Mənim də ailəmin olmasını istəyirdim. Belə anlarda İcra Hakimiyyətində çalışan qadın "hər şey yaxşı olacaq" deyirdi. Məktəbin direktoru Vüqar müəllim dövlət tədbirlərinə məni göndərirdi. 2011-ci ildə Ümümrespublika Forumunda iştirak etdim, sonra moderator oldum. Bir neçə tədbirlərdə iştirak etdim, "Azərbaycanın Gələcəyi" mükafatını aldım. Bir məqsədim vardı — oxumaq, irəli getmək, qazanmaq" — o danışır.

O, sonralar hərbi xidmətini başa vurur, serjant rütbəsi qazanır. Bir müddət onu övladlığa götürən məshəti türklərinin də yanında yaşayır. Amma yenidən Bakıya qayıdır. Özünü burada tapır, "Məzun evi"ndə çalışır. Gələcəyə ümidləri böyükdür. Bir ailəsi olmasını arzulayır. Təmiz duyğuları, düşüncələri var. Bəlkə İlqar valideyn qayğısı görməyib, amma dövlət qayğısını hər zaman hiss edib. Və söhbət zamanı, ona ana kimi dəstək olan qadını dönə-dönə xatırlayır. Adını deməsə də…

Bu da bir insan həyatıdır — qürurlu, gələcəyə ümidli bir gəncin həyatı. Bəlkə də bu, övladından imtina edən valideynlərə bir mesajdır: "Siz olmasanız da, biz ayaq üstəyik, varıq, yaşayırıq və sizdən daha yaxşı valideyn olacağıq" mesajı…

Xəbər lenti
0