İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 17 yan — Sputnik. Səhər Yusifova 1960-cı ildə Lənkəranda dünyaya gəlib. Kiçik yaşlarından valideynlərini itirdiyi üçün, ona böyük bacısı Lətafət analıq edir. Bacı-qardaşlarına baxdığı üçün, Lətafət ailə həyatı qura bilmir. Zaman keçir və bir gün o hadisə baş verir…
"10 il bundan əvvəl bacımı həyətdə quyunun kənarına ildırım vurdu. Cərəyan onun alnını parçalamışdı. Həkimlərə apardıq, heç biri bizə ümid vermədi. Əksinə, dedilər ki, "yaşamayacaq, aparın". 20 gün xəstəxanada qaldıqdan sonra, bacımı götürüb evə gəldim" — danışır S. Yusifova.
Onun bacısına vəfa borcu vardı: "Balaca bir qızım var idi. Ona və bacıma baxmalı idim. Bacım həyatını bizə vermişdi və mən razı ola bilməzdim ki, o ölsün. Gecə-gündüz uşaq kimi qayğısına qaldım. Və həkimlərin "yaşamayacaq" dediyi bacımı 10 ildir ki, yaşadıram".
Bir müddət sonra Səhər xanımın da ailəsi dağılır. Həyat yoldaşı onu seçim qarşısında qoyur — "ya mən, ya bacın" deyə. Və qadın göz yaşları içərisində həyat yoldaşından ayrılır: "Mən bacımı ata bilməzdim. O, mənə ana əvəzi olmuşdu. Yoldaşım mənim seçimimə hörmət etdiyini dedi və çıxıb getdi. Qaldıq qızım, bacım və mən".
S. Yusifova hazırda Lənkəran bazarında xırda alverlə məşğuldur. Qazandığı qəpik-quruşla himayəsində olan insanları saxlamağa çalışır. Amma öz sağlamlığında da problemlər var — böyrək çatışmazlığından əziyyət çəkir.
"Tez-tez spazmlar tutur məni, getdim həkimə, dedilər "əməliyyat lazımdır". Lakin bunun üçün maddi imkanım yoxdur. Harada qırılar-qırılsın. Yorulmuşam artıq" — deyir.
Səhər xala əvvəllər sosial yardım alırmış. Amma sonradan bu yardım da kəsilib: "Bəzən 40, bəzən 60 manat yardım almışam. Həyat yoldaşımdan ayrıldıqdan sonra Biləsuvar qeydiyyatından çıxıb, Lənkəran qeydiyyatına düşdüm. Burada dedilər ki, "pay torpağın olmasa, sənə sosial yardım düşmür". İndi bazardan qazandığım pulla ailəmizə baxıram".
"Bazardakı bu yer üçün gündə 1 manat, malların saxlanılması üçün isə 50 qəpik ödəyirəm. Bu gün saat 1-də başlamışam işə və 12 manat qazanmışam. Amma çox borcum var. Təkcə işıq pulu üçün 300 manatdan çox borcum yaranıb. Gəlib işığımızı da kəsiblər. Deyirlər "ödə, xətti birləşdirək". Belə də yaşayış olar?" — gileylənir həmsöhbətimiz.
Yusifovanın qızının artıq 18 yaşı var. Ananın dediyinə görə, qızının heç orta təhsili də yoxdur: "İynə vurmağı öyrənib, xalasına iynə vurur. Özüm də möhkəm xəstəyəm, bir gün ölsəm, onlara kim baxacaq?"
O, bu sualın cavabını cəmiyyətin, dövlətin, hökumətin ixtiyarına buraxır…