BAKI, 6 fev — Sputnik. Ötən həftə bir neçə gün fasiləsiz yağan qar paytaxt və bölgələrdə ciddi fəsadları meydana çıxardı. Mənzillərdə istilik çatışmazlığından tutmuş, küçələrdə nəqliyyatın hərəkətinə qədər müxtəlif sahələrdə problemlər yaşandı. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında, qar yağmasından dolayı hansı problemlərlə üzləşdiklərinə dair kiçik sorğu keçirib.
Şahidə Tapdıq: "Problemlər kifayət qədər çox oldu. Avtobuslar vaxtından ən azı 20 dəqiqə gecikmə ilə gəlirdi. Taksi xidmətləri qiyməti ən azı 2 dəfə qaldırmışdı. İşə gecikmə halları artdı. Xəsarət almasam da, bir neçə dəfə təhlükəli sürüşmə vəziyyəti ilə üzləşdim".
Kənan Quluzadə: "İşıq, qaz, su təchizatında problem olmadı. İctimai nəqliyyat da normal işləyirdi. Amma səkilər bizi qırdı. Mərmər maniyası piyadaların həyatını cəhənnəmə çevirib".
Bəxtiyar Hacıyev: "Bakıətrafı qəsəbələrin yolları təmizlənmədiyi üçün avtobus tapılmırdı. Qarın yağdığı ilk gün qaz olmadı. Mərmər səkilər yenə bizə badalaq gəldi".
İlhamə Dağlı: "Qarlı havada sputnik antenası tutmurdu. Heç nəyə baxa bilmirdik. Yollar sürüşkən idi, yıxılanlar isə ən çox qadınlar oldu. Qazımız gəlmədi, evimizdə həyat donmuşdu".
Günel Fərhadova: "Buza görə evimdən çətinliklə işə gedə bildim, axşam işdən qayıdanda avtobus tapmaqda ciddi sıxıntı yaşadım. Evdə borular dondu, suyun təzyiqi azaldı, qaz zəiflədi. Yol gedərkən buzda sürüşməmək üçün, kəndirbaz kimi tarazlığı saxlaya-saxlaya yeriyirdim. Radio dalğaları itmişdi, bəzi yerlərdə işıqforlar işləmirdi. Piyadalar üçün yeraltı keçidlər işlək vəziyyətdə deyildi. Eskalatorların bəzisi sıradan çıxmışdı, pilləkan olan yerin isə döşəmə örtüyü çox sürüşkən idi".
Mahir Məmmədli: "Qar yağanda problem görmədim. Problem qardan sonra meydana çıxdı. Qar əriyir, amma böyük marketlərin heç biri cüzi xərc çəkib qapılarının ağzını təmizlətmir. Marketə girmək üçün mütləq ərimiş qar və su qarışığının içindən keçməlisən. Əksər yerlərdə isə səkilər də qardan təmizlənməyib. Nəticədə piyadalar maşın yolu ilə getməli olurlar. Yol kənarından qarın təmizlənməməsi avtomobillərin hərəkət zolağını da məhdudlaşdırıb, üç zolaqlı yolun yalnız biri ilə hərəkət etmək mümkündür".
Gülşən Şərif: "Bu il qışı Gəncədə keçirdim. Bakıdan fərqli olaraq, kommunal xidmətlərdə ciddi problem olmadı, avtobuslar həmişəki qayda ilə işlədi. Bakıda keçirdiyim qış aylarının hamısında yollar axırıma çıxırdı. Avtobusda da, metroda da əsl vəhşilik olur. Kommunal xidmət də sıfır səviyyədə. Yeganə qışdı ki, soyuq havanın yaratdığı stresdən, əsəbdən uzaq yaşadım".