BAKI, 1 fev — Sputnik. Bakıya yağan qar nəticəsində yollar bağlanıb. Şəhərin müxtəlif istiqamətlərində yollarda hərəkət iflic vəziyyətinə düşüb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Şəhərin Ziya Bünyadov küçəsi, Mətbuat prospekti istiqamətində yolları tamamilə qar örtüb.
Sputnik Azərbaycan-ın əməkdaşlarının verdiyi məlumata görə, hazırda Bakı-Sumqayıt yolunda qarın çoxluğu səbəbindən tıxac müşahidə edilir. Zığ şossesində, Hövsan, Əhmədli və Günəşli qəsəbələri ərazisində, Binəqədi rayonunda yolların qarla örtülməsi səbəbindən avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Sputnik Azərbaycan-a bildirib ki, qurumun bütün texniki vasitələri gecədən səhərə qədər yolları təmizləyib, yollara duz səpilib:
"Azəravtoyol" ASC-nin balansında olan bütün yollarda hal-hazırda da iş gedir. Bütün texniki vasitələr işə cəlb edilib. Qar yağan ərazilər təmizlənir, buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda hər hansı problem müşahidə olunmur".
Nəcəflinin sözlərinə görə, yollarda nəqliyyatın hərəkəti üçün normal şərait var. Qışa tam hazırlıqlı avtomobillər üçün yollarda heç bir problem yaranmır:
"Sürüşmə və yaxud digər problemlər yaşayan sürücülər avtomobili qışa hazır olmayan sürücülərdir. Buna görə də yollarda onların problemləri müşahidə edilir. Bəzi sürücülər avtomobillərin təkərini qış təkəri ilə əvəz etmir, elə yay təkəri ilə sürürlər. Bu avtomobillər yollar təmizlənsə də, təmizlənməsə də problem yaşayacaqlar".
Nəcəfli əlavə edib ki, belə avtomobillər həm "Azəravtoyol"un texnikasına, həm də digər sürücülərin hərəkətinə mane olurlar. Bu səbəbdən də "Azəravtoyol" ASC qışa hazırlıqsız avtomobillərin yollara çıxmamasını məsləhət görür".
Qeyd edək ki, qarın yağması ilə marşrut üzrə hərəkət edən avtobusların da hərəkətində məhdudiyyət yaradıb. Taksi xidməti göstərən sürüclər isə gedişhaqqını həddən artıq bahalaşdırıblar.
Taksi xidmətlərinin telefon nömrələrinə isə düşmək mümkün deyil.
Baxmayaraq ki, "Azəravtoyol"un nümayəndəsi şəhərin yollarında texnikanın köməyi ilə müvafiq təmizlik işlərinin aparıldığını deyir, əməkdaşlarımız bunun şahidi olmayıblar. Misal üçün, şəkillərdən də gördüyünüz kimi Yasamal ərazisində qartəmizləyən texnikadan əsər-əlamət yoxdur. Yollarda maşınlar və adamlar çətinliklə hərəkət edirlər.