BAKI, 6 fev — Sputnik. ABŞ-da dünya tarixində ilk dəfə olaraq rəsmi transgender ailə yaranıb. Bu ailədə ana və oğlu öz cinslərini dəyişiblər. Ata isə ailəsinin bu seçiminə dəstək verib.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, 15 yaşlı amerikalı Kori Meyson anadan oğlan doğulub. Amma jurnalistlər müəyyən ediblər ki, 10 yaşa çatanda bu oğlan öz cinsini dəyişmək barədə qəti qərar verib.
Valideynləri çoxdan hiss ediblər ki, onların oğlunun davranışları digər oğlanların davranışlarından güclü surətdə fərqlənir. Uşaqlıqda o gəlinciklə oynamağı, don geyinməyi xoşlayıb.
Yaşıdları tez-tez Koriyə özünü qız kimi apardığına görə irad bildirirdilər. Ona görə də, o, kişi cəmiyyətində özünü rahat hiss edə bilmirdi.
Öz yaşıdlarından nə ilə fərqləndiyini başa düşməyə Koriyə hələ 2011-ci ildə baxdığı, transgender qız Cazz Cenningz haqqında film kömək edib.
Bu sənədli lentə baxandan sonra oğlan öz qərarını valideynlərinə elan edib. Gözlədiyinin əksinə olaraq valideynləri onun qərarını dəstəkləyib. Ana oğlunu uşaq klinikasına apararaq transgender uşaqlarla işləyən həkimlərə müayinə etdirib. Kori elə buradaca transformasiya proseduruna başlayıb.
Hazırda yeniyetmə hormonal terapiya kursu keçir və qızlar kimi geyinir. O hələ tamamilə cinsini dəyişməyib. Həkimlər cinsin korreksiyası üçün tələb olunan cərrahiyyə əməliyyatını Kori 18 yaşına çatanda edəcəklər.
Burada ən təəccüblü məqam isə ondan ibarətdir ki, uşağın cinsini dəyişməsi heç də onun öz arzusu ilə baş verməyib. Korinin 14 yaşı olanda və qadın hormonları qəbul etməyə başlayanda məlum olub ki, anası oğlunu əbəs yerə dəstəkləmir. Çünki o özü də uzun illərdir ruhunun öz bədənində yaşadığını hiss etmir.
O, ərinə etiraf edib ki, kişi olmağı arzulayır. Əri isə onu tamamilə dəstəkləyib. Oğlundan bir neçə ay sonra qadın da kişi hormonları qəbul etməyə başlayıb. Hazırda Erik adını daşıyan bu amerikalı qadın sinəsini kiçiltmək üçün əməliyyata hazırlaşır.
Bu mənada Meyson ailəsi tarixə ilk dəfə ana və oğulun öz cinsini dəyişdiyi unikal ailə kimi düşüb. Onlar cinslərini dəyişdiklərinə görə özlərini xoşbəxt hesab edirlər.
"Mənim möhtəşəm ailəm var. Sanki heç nə dəyişməyib. Və mən ömrümdə ilk dəfə olaraq özümü düzgün hiss edirəm" — Erik Meyson jurnalistlərə etiraf edib.