BAKI, 4 fev – Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı fərman imzalaması, üstəgəl Meksika ilə sərhədə divar hörmək barədə göstəriş verməsi yerli amerikalıları qəzəbləndirdiyi kimi, dünyada da geniş etirazla qarşılanıb. Hətta iş o yerə çatıb ki, Siettl Federal Məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.
Donald Trampın yeni seçilməsinə baxmayaraq, söylədiyi fikirlər və atdığı addımlar müttəfiqi Avropanı da narahat etməyə başlayıb. Belə ki, Fransa prezidenti Fransua Olland Avropa ölkələrini ABŞ prezidenti Donald Trampa qarşı birləşməyə çağırıb. Olland bu birliyin olduqca vacib olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Donald Tramp çıxışlarında bir neçə dəfə Avropa İttifaqının parçalanmasını dəstəklədiyini söyləyib. Böyük Britaniyanın İttifaqdan ayrılma qərarını alqışladığını deyən Tramp, Fransadan da oxşar addım gözlədiyini demişdi.
Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən millət vəkili Fəzail İbrahimli, yeni ABŞ prezidentinin təcrübəsiz olduğunu söyləyib: “Donald Tramp siyasət aləminə yeni gəlmiş adamdır. Və bu gəliş Konqresdən, Senatdan, yaxud qubernatorluqdan yox, birbaşa biznesdəndir. Onun heç bir siyasi təcrübəsi yoxdur. O, seçkiqabağı bəzi vədlər vermişdi. İndi də verdiyi vədlərini yerinə yetirmək istəyi ilə imzalar atır”.
“Bu gün dünya öz oxundan çıxıb. Ataların bir misalı var: “Nə əkərsən, onu da biçərsən”. Müsəlman dünyasını bu günə salan Amerikanın keçmiş siyasətinin nəticəsidir. İndi qazdığı quyuya ABŞ özü düşüb. Burda söhbət Donald Trampdan getmir. Yaxın Şərqdə uzun illərdir tökülən qandır bu hadisələrə rəvac verən. Əfqanıstana qoşun yeritdilər, BMT-nin icazəsi olmadan İraqı işğal etdilər, Liviyanı bombalayıb, prezident Qəddafini al-qana boyadılar. İndi Amerika özü həmin prosesin əsirinə çevrilib” — Fəzail İbrahimli qeyd edib.
Millət vəkili, ABŞ ştatlarında davam edən anti-Tramp aksiyalarını isə belə dəyərləndirib:
Fransa prezidenti Fransua Ollandın Avropa qitəsini Donald Trampa qarşı birləşməyə çağırmasını da şərh edən Fəzail İbrahimli, Ollandın daxili auditoriyaya oynadığını bildirib: “Bu prosesdə Avropa biabırcasına pərt olub. Çünki avropalı liderlər ABŞ-dakı seçkidə demokratların qalib gələcəyini düşünürdü. Özlərini tam əminliklə buna hazırlayırdılar. İndi Avropa çox çətin vəziyyətə düşüb. Fransua Olland artıq son akkordlarını vurur, sırf daxili auditoriyaya oynayır. Bir az qitədə nüfuz qazanmaq, özünün və partiyasının gələcək karyerası üçün belə açıqlamalar verir”.
Müsəlman ölkə vətəndaşlarına viza verilməməsinin rasist qərar olduğunu deyən hüquqşünas Murad Sadəddinov bu haqda Sputnik-ə danışıb:
“Nəzərə almaq lazımdır ki, ABŞ özü miqrantlar ölkəsidir. Orada yaşayanlar hamısı mühacirlərdir. Bu baxımdan hesab edirəm ki, Trampın qəbul elədiyi qərarlar öz əksini tapa bilməyəcək. Amerika Birləşmiş Ştatlarında istər cəmiyyət, istər qeyri-hökumət təşkilatları və məhkəmə sistemi, istərsə kütləvi informasiya vasitələri, o cümlədən Konqresdə olan demokrat və respublikaçı senatorlar özləri Trampın fərmanına qarşı çıxırlar. Bu, sadəcə olaraq Donald Trampın zəif siyasətçi olduğunu, söylədiyi vədləri heç bir məsləhət almadan etdiyini göstərir” — Murad Sadəddinov deyib.