Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 1 fev — Sputnik. Nə qədər ki, Bakıya qar yağmamışdı, mən Bakı metropoliteninin hüququ olduğunu bilmirdim. Bu böyük kəşfi 1 fevral səhəri metronun "Elmlər Akademiyası" stansiyasında etdim.
Səhər agentliyin şef-redaktoru zəng edərək şəhər yollarındakı vəziyyəti çəkmək barədə tapşırıq verdi. Bir neçə kadr çəkəndən sonra, metroya oturdum və "Elmlər Akademiyası" stansiyasının Bakı Dövlət Universiteti tərəfdəki üzü mətbuat prospektinə olan çıxışı istiqamətə yan aldım. Gördüm ki, burada polislər dayanaraq adamlara yol göstərirlər, izah edirlər ki, bu tərəf sürüşkəndir, çıxmağa cəhd etsələr, yıxıla bilərlər.
Dərhal Aleksandr Serının "Uğur centlimenləri" kinokomediyasından bir kadrı xatırladım. Orada Vasili Alibabayeviç xəbərdarlıq edir: "Ey, vətəndaş, sən o tərəfə getmə, bu tərəfə get. Yoxsa başına qar düşəcək, ümumiyyətlə öləcəksən!"
Növbə mənə də çatdı. Mən polisin yanına çatanda, o, ənənəvi sözü dedi. Bu məni özümdən çıxardı. Bilmədim peşəm bunu mənə dedi, yoxsa etirazın qırmızı düyməsi basıldı. İlk işim etiraz etmək oldu və dedim ki, BDU tərəfə çıxacam, çünki çıxışlar arasında fərq görmürəm və vaxt itirmək istəmirəm. Əlavə etdim ki, ehtiyatlı olacam. Dalınca polisə sual verdim: "Döşəməni mərmərlə örtəndə düşünmürdülər ki, sürüşkən olacaq? Burada sürüşmə sahəsi düzəldiblər, indi də vətəndaşların sağlamlığının qeydinə qalası olublar".
Asayiş keşikçisi cavab tapa bilmədi. Çünki onun proqramı dar profillidir. Onu vətəndaşlara məhz lazım olan sözü demək üçün proqramlaşdıraraq göndəriblər. Ona yönəltməyi tapşırıblar və o da yönəldir, vətəndaşlarla lazımi şəkildə danışmaq onların proqramına daxil deyil. Olsun.
Pilləkənə çatanda gördüm ki, süpürgəçi qarı təmizləyir. Pilləkən kifayət qədər sürüşkəndir. Kameranı işə saldım və prosesi çəkməyə başladım. Polis dərhal mənə tərəf qaçdı və çəkilişi dayandırmağı tələb etdi:
— Burada çəkiliş aparmaq olmaz! — o, dedi.
— Niyə olmaz, məgər pilləkən strateji cəhətdən vacib obyektdir?
— Bəli, bu, metropolitenin pilləkənidir.
— Bu ki, çıxışdır!
— Siz hüququ pozursunuz.
— Kimin hüququnu?
— Bax, onun — bizə arxasını çevirərək pilləkəni təmizləyən süpürgəçini göstərir.
— Onun? Məni güldürməyin!
— Siz metropolitenin hüququnu pozursunuz!
— Metropolitenin hüququnu?!
— Bəli. Gedək sizi başa salım.
— Mən sizinlə heç yerə getmirəm, yaxşı olar, özünüzü biabır etməyəsiz. Çəkirəm və düz edirəm. — bu sözləri deyərkən daha iki kadr çəkirəm.
Polis tabe olmadığımı görərək məni bölməyə aparmaq istəyir. Əgər işə gecikməsəydim, mən onunla getməyi məmnuniyyətlə qəbul edərdim.
Mən burada jurnalist vəsiqəmdən istifadə etməli oldum (adətən bunu etmirəm), onu çıxararaq polisin burnunun ucuna tutdum və bəyan etdim ki, mən təkcə jurnalist deyiləm, həm də hüquqşünasam, 19 ildir kriminal hadisələri və hüquq pozuntularını işıqlandırıram, həm də metropolitenin deyil, insanların hüquq pozuntularını. Daxili işlər orqanları ilə də sıx əməkdaşlıq edirəm. Odur ki, Kremli mənə göstərmək lazım deyil.
Polis yenə də deməyə söz tapmadı və incik halda uzaqlaşdı. Amma mən necə də bölməyə getmək istəyərdim…
P.S.: Qeyd etmək lazımdır ki, "metro" təkcə ictimai nəqliyyat deyil, ayrıca mədəniyyətdir. Heç də hər paytaxta öz metrosu ilə öyünmək nəsib olmur. Xoşbəxt şəhərlər öz metropolitenlərini bəzəyirlər və ona xüsusi görkəm verirlər ki, başqalarına oxşamasın və həmişə xatırlansın. Nəticə olaraq böyük bir fotoşəkillər silsiləsi yaranır: metronun şəkilləri, onun ətrafının şəkilləri və metro haqqında olan şəkillər. Qəribədir ki, Bakı dünyanın ən müasir şəhərləri sırasındadır, amma bunu bilmirlər.