BAKI, 1 fev — Sputnik. Suriya prezidenti Bəşər Əsədin iflic olduğu və xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik. Rəsmi Dəməşq yayılan informasiyanı rədd etsə də, paytaxtdakı Şami xəstəxanasının qəbul şöbəsi ilə ərəb jurnalist Visamel Hurra arasında keçən telefon danışığı, Əsədin xəstəxanada olduğu iddialarını gücləndirib.
İddianın doğru, yaxud yanlış olmasından asılı olmayaraq, ortaya sual çıxır: Hazırkı situasiyada Bəşər Əsəd ölərsə, nə baş verəcək?
Sputnik Azərbaycan-a danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Suriyanı Bəşər Əsəd təkbaşına idarə etmir və ona bir şey olsa, klanın içərisindəki digər fiqur idarəetməni ələ alacaq.
"Hər halda Suriyanı Bəşər Əsəd təkbaşına idarə etmir. Orada ölkəni idarə edən bir sistem mövcuddur. İstənilən dövlətdə 1-ci, 2-ci, 3-cü şəxslər olur. Türkmənistanın sabiq prezidenti Səfərmurad Niyazov dünyasını dəyişəndən sonra onun yerinə Qurbanqulu Berdimuhammedov gəldi. Yəni demək istədiyim odur ki, rejimin digər siması dövləti idarə edəcək" — Zərdüşt Əlizadə bildirib.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, Əsəd həyatını itirərsə, ölkədəki daxili münaqişə ya xeyli səngiyə, ya da tamamilə aradan qalxa bilər: "Bəşər Əsəd Suriyadakı qarşıdurmanın başlıca günahkarıdır. O, aradan çıxarsa, ölkədəki daxili münaqişə ya xeyli səngiyər, ya da tamamilə aradan qalxa bilər".
"Suriyada hakimiyyət uğrunda mübarizə aparan qüvvələr bəllidir. Hətta bu qüvvələrin nümayəndələri də aşkardır. Yayılan xəbərlər doğrudursa, müvəqqəti keçid hökuməti qurula bilər. Daha sonra yeni seçkilər keçirilə bilər. Prezident, parlament və ölkənin digər idarəetmə strukturları müəyyənləşə bilər" — Q. Hüseynli bildirib.
Amma o, bu prosesi olduqca çətin hesab edir: "Lakin, əgər böyük dövlətlərin — Rusiya, ABŞ, İran və Türkiyənin əli Suriyanın üzərində olarsa, rejim və müxaliflər yenidən silaha sarılmaz və atəşkəs davam edər. Keçid hökuməti qurulandan sonra dərhal tərksilah prosesi başlamalıdır".
Ekspert Suriya siyasi elitasına nəzarətin tamamilə Rusiyanın əlində olduğunu qeyd edib: "Moskva Dəməşq rejimini qorumaqda öz strateji maraqlarına uyğun olaraq düzgün addım atır. Xüsusilə paytaxt Dəməşq və onun ətrafındakı əsas bölgələrə, həmçinin siyasi elitaya nəzarət tamamilə Rusiyanın əlindədir".
Qeyd edək ki, Suriya dövlət televiziyası SANA başda olmaqla, bu ölkənin mətbu orqanlarında, Əsədlə bağlı son 5 gündə heç bir yeni görüntü və foto yayımlanmır. Qərb mediası rejim rəhbərinin öz cangüdəni tərəfindən vurulması versiyası üzərində dayanır.