BAKI, 31 yan-Sputnik. Bir neçə il keçəndən sonra məmurlar bu yaxınlarda tikilmiş səkiləri, evləri və digər yeni tikililəri sökərək Bakını yenidən qurmağa başlayacaqlar.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bildirib.
O, qeyd edib ki, il yarım bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əhalinin sosial cəhətdən həssas hissəsinin müdafiəsi ilə bağlı yeni standart işlənib hazırlanıb. Həmin standart "Əlilliyi olan və hərəkət etmə problemlərinə malik insanlar üçün bina və qurğuların uyğunlaşdırılması" adlanır.
Bu sənəd Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunandan sonra tikinti işinə baxanlar və məmurlar məhdud imkanları olan şəxslərin istifadəsi üçün nəzərdə tutulan tikililəri söküb yenidən tikmək üçün böyük məbləğlər sərf etməli olacaqlar.
Rəhimli qeyd edib ki, bununla bağlı ilk növbədə yol infrastrukturunun qurulmasına ehtiyac var. Bu infrastruktur elə səviyyədə olmalıdır ki, əlilliyi olan şəxslər sərbəst şəkildə evdən çıxıb istədiyi yerə gedə və evə qayıda bilsin.
"Pandusların (rampa) olmaması bu problemin kiçik bir hissəsidir. İlk növbədə pandusların nəyə lazım olduğunun başa düşmək lazımdır. Onlar məhdud imkanları olan insanların hərəkətini asanlaşdırmaq üçün lazımdır. Bu təkcə əlilliyi olan insanlara deyil, həm də yaşlı kateqoriyadan olanlara da aiddir" — deyə QHT sədri bildirib.
O əmindir ki, əgər məmurlar birdən əlillər üçün şərait yaratmağa müstəqil qərar versələr, onlara heç kəs mane olmayacaq. Əgər kimsə əlillər üçün nəsə edəcəksə, onu elə etməlidir ki, iş başa çatandan sonra əlillər onun nəticəsindən istifadə edə bilsinlər.
Rəhimlinin sözlərinə görə, pandus kimi Bakıdakı avtomobil yollarında tikilmiş yeraltı keçidlərdəkilərdən istifadə etmək olar. Əvvəla, onlar kifayət qədər hündür və dikdirlər.
Əgər kimsə onlardan istifadə etmək fikrinə düşsə, əlil arabaları yuxarıdan aşağıya yuvarlanacaq. Liftlərin quraşdırıldığı keçidlərdə isə onlar ümumiyyətlə işləmir.
Bununla belə, yolların salınması, körpü, yeraltı və yerüstü keçidlərin tikilməsi ilə məşğul olan idarələr həmişə iddia edirlər ki, yolların çəkilməsi zamanı əlilliyi olan şəxsləri də nəzərə alırlar.
"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, yolların yenidən qurulması zamanı hər yerdə panduslara diqqət edilir.
O qeyd edib ki, əvvəllər bununla bağlı dəyişikliklərə baxılmırdı, amma son dövrlərdə tikintinin bütün normalarına riayət edilir. Misal üçün, "Ağ Şəhər"dəki yolların hər birində əlil insanların hərəkəti üçün lazımi infrastruktur nəzərdə tutulub.
Şəhərin ayrı-ayrı yerlərinə gəlincə, Nəcəfov deyib ki, orada yenidənqurma işləri 5-10 il əvvəl aparılıb. Əgər bu yerlərdə təzədən yenidənqurma işləri aparılsa, onda mütləq əhalinin sosial cəhətdən həssas hissəsi unudulmayacaq.