BAKI, 30 yan – Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın müsəlman ölkələrdən olan qaçqınlara yönəlik irqçi qərarı müzakirə edildiyi bir vaxtda, Trampın andiçmə mərasimində Quran-i Kərim oxuyan sudanlı imam Muhammed Mecid önəmli açıqlamalar verib:
“Amerikalıların bütün ştatlarda başlatdığı Donald Trampı boykot kampaniyasına qoşulmamışam. Əlbəttə, onun qərarını dəstəkləmirəm. Düşünürəm ki, hər insana bir şans tanınmalıdır. Problemləri qarşılıqlı müzakirə ilə həll edə bilərik”.
Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Muhammed Mecid and içmədə oxudu surəni bilərəkdən seçdiyini deyib. Mərasimdə “Hucurat” surəsi 13-cü ayə və “Rum” surəsi 22-ci ayəni oxuyan imam səbəbini belə izah edib: “ABŞ Milli Katedralı məndən Quran oxumağımı istədi. Donald Tramp da bu fikirlə razılaşdı. Əlavə dua edəcəyimi də söylədim. Və bu istəyim qəbul olundu. Ayələr öncə ərəbcə, daha sonra ingiliscə oxundu. Bu ayələri məhz bilərəkdən seçdim. Çünki seçki kampaniyası ərəfəsində Trampın müsəlmanlar əleyhinə etdiyi çıxış yadımda idi. Bir müsəlman olaraq, müqəddəs kitabımızdakı bu ayələrlə mesaj vermək istədim. Allah varlı-kasıb, ağ-qara olaraq heç bir ayrı-seçkilik etməz və edilməsini istəməz”.
Sudanlı imam, andiçmə mərasimində şahid olduğu maraqlı bir anı da danışdı: “Mən Quran-i Kərimi oxuyub qurtarandan sonra xristian ər-arvad ağlayaraq yanıma yaxınlaşdı. Məndən soruşdular ki, oxuduqlarım həqiqətənmi Qurandandır? Həmin günün sabahısı, Quran kitabı hədiyyə etdiyimiz bir nəfər şəxs qarşımıza çıxaraq “mən müsəlman oldum” dedi. O anlar hələ də gözümün qabağından getmir”.