Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatı

© apa.azATƏT və Azərbaycan bayraqları
ATƏT və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak edib, onun sənədlərini imzalayıb

BAKI, 30 yan — Sputnik. 25 il bundan qabaq bu gün Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə qəbul olunub. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olub.

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.

ATƏT - Sputnik Azərbaycan
ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısnda iştirak edib, onun sənədlərini imzalayıb. 20 dekabr 1993-cu ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulub. 5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilib. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmiləri olan ümumavropa təşkilatına — ATƏT-ə çevirilib.

Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınıb. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq əldə edib.

Bundan başqa, Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamənin qəbulu təşkil edib.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlyandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq edib.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunub. 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilib. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilib:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Mnsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir.

Xəbər lenti
0