BAKI, 12 yan — Sputnik. ATƏT-in Yerevandakı ofisinin fəaliyyəti dayandırılıb. Ermənistan XİN isə hələlik ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı vəziyyətə şərh verməkdən imtina edib.
Sputnik Ermənistan KİV-inə istinadla xəbər verir ki, hələlik ATƏT-lə Ermənistan arasında Yerevan ofisinin fəaliyyətinin davam etdirilməsinə dair konsensus əldə olunmayıb. Ofisin fəaliyyəti ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasına dair konsensus əldə olunana qədər bir müddət "havadan asılı qalacaq".
Analoji situasiya ATƏT-in Özbəkistan və Qırğızıstandakı ofisləri ətrafında da yaranıb. Mövcud praktikaya görə, milli ofislərin fəaliyyət mandatının uzadılması hər il iştirakçı ölkə ilə ATƏT arasında əldə olunan konsensusla tənzimlənir.
Xatırladaq ki, ATƏT-in Yerevan ofisi bu təşkilatın son vaxtlara qədər regionda yeganə tamhüquqlu ofisi idi. ATƏT-in Bakı ofisinin fəaliyyəti 2015-ci ildə dayanıb.