BAKI, 29 yan — Sputnik. Fransa prezidenti Fransua Olland Avropa ölkələrini ABŞ prezidenti Donald Trampa qarşı birləşməyə çağırıb. Sputnik Azərbaycan "Financial Times"ə istinadən xəbər verir ki, Olland bu birliyin olduqca vacib olduğunu diqqətə çatdırıb.
Avropa İttifaqına (Aİ) daxil olan Cənubi Avropa Ölkələri Zirvəsində çıxış edən fransız lider deyib: "Bu adamı dayandırmaq lazımdır. Hazırda beynəlxalq aləmdə ciddi ümidsizlik yaranıb. Avropa demokratiyanın dəyərlərini qorumaq üçün daha güclü və birgə hərəkət etməlidir".
Qeyd edək ki, Donald Tramp çıxışlarında bir neçə dəfə Avropa İttifaqının parçalanmasını dəstəklədiyini söyləmişdi. Böyük Britaniyanın İttifaqdan ayrılma qərarını alqışladığını deyən Tramp, Fransadan da oxşar addım gözlədiyini demişdi.