BAKI, 28 yan — Sputnik. "Formula 1" yarışlarının kifayət qədər azarkeş kütləsi var. 2017 "Formula 1" Azərbaycan Qran Prisində iştirak etmək üçün ilk bileti əldə edən xarici qonağımız Stiv Pritçard 2017 "Formula 1" ilə bağlı fikirlərini bölüşüb.
- 2017 "Formula 1" Azərbaycan Qran Prisinin ilk biletini əldə edən şəxs olduğunuz üçün sizi təbrik edirik. Nə üçün bu il məhz Bakıya gəlməyə qərar verdiniz?
— 2017-ci il Qran Prisində iştirak etməyi keçən ildən planlaşdırsam da, hansı ölkəyə gedəcəyimə qərar verməmişdim. Daha əvvəllər heç olmadığım bir ölkəyə səfər etməyi arzulayırdım. Bakıda keçirilmiş 2016 "Formula 1" Avropa Qran Prisinə baxarkən, həyat yoldaşım şəhərin gözəl olduğunu qeyd etdi və mənim 2017-ci ildə həmin şəhərə getmək istədiyimlə maraqlandı.
- Bilet satışlarının başlandığı barədə necə xəbər tutdunuz?
— Mən @BakuCityCircuit tvitlərini izləməklə yanaşı, yarışın təşkilatçısı ilə email vasitəsilə əlaqə saxlayaraq biletlərin nə zaman satışa çıxarılacağı ilə maraqlanmışdım.
- Maraqlıdır, siz necə və nə üçün biletlərinizi bu qədər erkən əldə etməyə qərar verdiniz?
— Yarışın təşkilatçısından aldığım emaildə qeyd olunmuşdu ki, azarkeşlər bilet sifariş edərkən istəklərinə uyğun olaraq, əsas tribunanı seçmək imkanı əldə edəcəklər. Odur ki, bileti erkən sifariş vermək və istədiyim tribunada yer seçimi etmək imkanından faydalanmaq üçün cəhd göstərirdim. Qeyd olunmuşdu ki, biletlər yerli vaxtla günorta 12-də satışa çıxarılacaq, bu isə Birləşmiş Krallıq vaxtı ilə səhər saat 8 idi. Onlayn bilet satışı bir qədər gecikmə ilə saytda yerləşdirilənə qədər mən saytı açıq saxlamışdım, dəqiqəbaşı F5 yeniləmə düyməsini sıxaraq saytı izləyirdim və ilk fürsətdə bilet sifarişimi verdim.
- F1 yarışlarında iştirak etmisinizmi?
— Əvvəllər bir neçə dəfə Britaniya Qran Prisində, Sinqapur Qran Prisində, Macarıstan, İtaliya və iki dəfə Abu-Dabi Qran Prisində olmuşam.
- F1 yarış həftəsonun yeni bir şəhərdə keçirilməsi sizin üçün nə dərəcədə özünəməxsus rol oynayır?
— Sadiq bir F1 azarkeşi kimi qeyd edə bilərəm ki, hər bir yarış həftəsonu həyəcanvericidir. Lakin şəhər treklərinin özünəməxsus cəhəti odur ki, "Formula" 1 trekindəki yarışların həyəcanı şəhərdəki bayram ab-havasına qarışır. Mənim Bakıda qalacağım otel trekin daxilində olduğu üçün bu tədbiri daha yaxından izləmək fürsətini səbirsizliklə gözləyirəm. Həmçinin, tamaşaçılara məlum olan ənənəvi treklərdən fərqli olaraq F1-in "yeni" trekləri ətrafında yarış həftəsonunu daha da rəngarəng etmək üçün müxtəlif əlavə tədbirlər, məsələn, konsertlər təşkil olunur.
- Hansı komanda və ya pilotu dəstəkləyirsiniz?
— Mən Luis Hamiltona azarkeşlik edirəm və odur ki, "Mercedes" komandasını dəstəkləyirəm. Fikrimcə, bu il Luis və Valtteri arasında maraqlı mübarizənin şahidi olacağıq. Bbununla yanaşı, Williams komandasına da rəğbət bəsləyirəm.