BAKI, 26 yan — Sputnik. Fransa paytaxtında Azərbaycanın Dostları Assosiasiyasının illik assambleyası keçirilib. Assambleyanın gündəliyinə assosiasiyanın 2016-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi və növbəti il üçün fəaliyyət planının müzakirəsi daxil edilib.
ADA-nın baş katibi Mirvari Fətəliyeva 2016-ci ildə həyata keçirilən layihələr barədə məlumat verib.
Əsas məqsədi ölkəmizin qədim tarixini, zəngin mədəni dəyərlərini fransızlara yaxından tanıtmaqdan ibarət olan assosiasiyanın gördüyü işlər təhlil edilərək yüksək qiymətləndirilib.
Assosiasiyanın sədri, Fransa Milli Assambleyasının üzvü Jan–Fransua Mansel Azərbaycan mədəniyyət günləri ilə bağlı müxtəlif tədbirlərin yüksək səviyyədə keçirildiyini və böyük maraq doğurduğunu diqqətə çatdırıb. O, belə tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən və mütəmadi keçirilməsinin vacibliyindən söz açıb.
O, 2017-cı il üçün nəzərdə tutulan fəaliyyət planından danışaraq, assosiasiyanın üzvlərinin daha da fəal olacağına əminliyini ifadə edib. Assosiasiya üzvlərinin müxtəlif mövzulara toxunan suallarını cavablandıran sədr ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, Fransadakı Azərbaycanın dostları Azərbaycan xalqı ilə həmişə həmrəydir. O, Fransada Azərbaycanın dostlarının ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətinin davam etdiridiyini bildirib. Qeyd edib ki, bu münaqişənin ən qanlı səhifəsi olan Xocalı soyqırımı, eləcə də yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını fransızlara çatdırmaq üçün il ərzində ADA-nın bir sıra tədbirləri planlaşdırılıb.
Assambleyadan sonra Azərbaycanın əməkdar artisti pianoçu və bəstəkar Emil Əfrasiyabın konserti keçirilib. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib. Böyük maraqla qarşlanan konsert proqramından sonra assambleya iştirakçlarına ziyafət verilib.
Tədbirdə ADA-nin üzvləri olan fransalı deputat və senatorlarla yanaşı incəsənət xadimləri, şirkət rəhbərləri iştirak edib.