BAKI, 24 yan — Sputnik. Dünya son yarım əsrdir ki, mədəniyyətlərin qarşıdurmasına səhnə olur. Bu savaşa fikir öndərliyini isə qərb dünyasındakı beyin mərkəzləri edir.
Mədəniyyətlərarası toqquşma ola biləcəyini ilk dəfə 1990-cu illərdə amerikalı sosioloq və siyasətçi Samuel Huntington söylədi. O, 2000-ci illərdən sonra dünyadakı qarşıdurmaların iqtisadi, ideoloji, yaxud da enerji bağlantılı olmayacağını, daha çox mədəniyyətlər arasında yaşanacağını dilə gətirdi. Hətta bu barədə olan fikirlərini kitab halında qələmə aldı. Sosioloqa görə, dünyada əsasən səkkiz mədəniyyət mövcuddur. Bunlar Qərb, Latin Amerika, Afrika, İslam, Çin, Hindu, Ortodoks ve Yapon mədəniyyətləridir. Bu mədəniyyətlər mütləq bir-birləri ilə vuruşdurulmalı idi. Xüsusilə 11 sentyabr hadisələrindən sonra, bu nəzəriyyə qərbdə ciddi mənimsənildi.
İlk qarşıdurma, Qərb ilə İslam mədəniyyəti arasında yaşanmağa başlandı. Qərb dünyası 11 sentyabr hadisələrini bəhanə edərək İraqı işğal etdi, İrana embarqolar başlatdı, Əfqanistanda əməliyyat başlatdı, Liviyanı bombaladı, Misirdə dövlət çevrilişi həyata keçirdi, Suriyanı qan gölünə çevirdi. Daha sonra isə Türkiyədə terror aktlarının çoxalmasına dəstək verdi.
Bunlar, Samuel Huntingtonun bəhs elədiyi İslam mədəniyyəti ilə Qərb mədəniyyəti arasındakı qarşıdurmanın əraziyə şiddət olaraq yansımasından ibarətdir. Qərb mədəniyyətinin təmsilçiləri İslam mədəniyyəti ilə savaşda qarşılarında Türkiyə və Rusiyanı gördülər. Türklər öz mədəniyyətlərinə sahib çıxarkən, ruslar sonda növbənin özlərinə gələcəyini bilərək bu hücumun qarşısında durdu.
Qərb bu aralar ilk qarşıdurmaya ara vermiş kimi görünür. İkinci toqquşma isə Qərb ilə Ortodoksal dünya arasında, ya da Qərb ilə Çin mədəniyyəti arasında ola bilər. ABŞ-ın yeni prezidenti Donald Tramp ilə Çin arasındakı müsbət jestlər, Obama zamanında Vaşinqtondan ümidini kəsən yəhudilərin Çinə meyllənməsi, Çin-Qərb qarşıdurmasını ertələmiş kimi görünür.
Ona görə hesab etmək olar ki, sivilizasiyalar arası ikinci toqquşma Qərb ilə Ortodoksal dünya arasında yaşanacaq. Bu savaş ilk əvvəl Ukraynada, daha sonra isə Suriyada sınandı. Qərb hazırda, Ortodoksal dünyaya qarşı cəbhəni genişlətməyə hazırlaşır. Rus diplomatların Amerikadan qovulması, rus səfir Andrey Karlovun Ankarada öldürülməsi, Suriya məsələsində Amerikanın masada olmaması kimi hadisələr, Qərb-Ortodoks savaşının ayaq səsləri kimi görülə bilər.
Qərb mədəniyyəti ilə Ortodoksal mədəniyyətin əsl savaşına isə çox az zaman qalıb. Qarşıdurmalar Baltikyanı ölkələr ilə Rusiya sərhəddində meydana gələcək. Bolqarıstan, Rumınya, Ukrayna, Belarus, Estoniya, Latviya ve Rusiya əraziləri savaş meydanına çevrilə bilər.
Qərb, həm Krım və Suriyanın hesabını soruşmaq, həm İsrailin təhlükəsizliyini təmin eləmək, həm də Rusiyanın yenidən əvvəlki gücünə qayıtmasını əngəlləmək istəyir. İkiqütblü dünya görmək istəməyən Qərb, ikinci qütbü neytrallaşdırmağın hesabını aparır. Bu savaşda Türkiyə çox önəmli bir ölkədir. Bu qarşıdurma zamanı Türkiyənin müharibədən kənarda qalıb-qalmayacağı bilinmir. Amma bilinən odur ki, Türkiyə kimin yanında yer alsa, o tərəf də qalib gələcək.