BAKI, 1 yan — Sputnik. Rus-Türk münasibətləri son iki yüz ildə daim gərgin və müharibələrlə dolu keçdi. Qərb dünyası, Türkiyəni Rusiyaya qarşı hər zaman tampon bölgə və müdafiə xəttinin sərhəd ucu olaraq gördü. NATO-nun qurulması və qısa müddətdə Türkiyəni də içinə almasının ən əsas səbəbi, Şimali Atlantika Alyansına üzv olan ölkələrin təhlükəsizliyini təmin etmək idi.
Rus təhdidinə qarşı türkləri qorumaq isə, sadəcə sözdədir. Qərb Klubu illərlə, rus və bolşevizm istilası təhdidi ilə Türkiyəni öz yanında və Rusiyanın qarşısında yerləşdirməyi bacardı. Yevangelist, katolik və protestant olan Qərb Klubu, provaslav Rusiyaya qarşı hər zaman türklərdən istifadə etdi.
2-ci Nikolay almanların oyununa gəldi
Birinci Dünya Müharibəsi zamanı, Türkiyə tərəfsizliyini elan etmiş olmasına baxmayaraq, almanlar "Goben" və "Breslav" adlı gəmilərinə türk bayrağı çəkib, adlarını "Yavuz" və "Midilli" olaraq dəyişdirərək, 29 oktyabr 1914-cü ildə Qara dənizdəki rus gəmilərini batırıb, Odessa və Sevastopol limanlarını top atəşinə tutdular. Bu təxribata uyan Çar 2-ci Nikolay, 2 noyabr 1914-cü ildə Türkiyəyə müharibə elan etdi. Halbuki baş verənlərdən Sultan 5-ci Mehmet Rəşadın xəbəri belə, yox idi.
Putin eyni səhvi təkrarlamadı
Tarix təkərrürdən ibarətdir deyirlər. Eynilə yüz il əvvəl alman gəmilərinin türk bayrağı altında rus limanlarını bombalaması hadisəsində olduğu kimi, 24 noyabr 2015-ci il tarixində bir rus döyüş təyyarəsi, dövlətimizi idarə edən kadrların məlumatı olmadan, sərhəd pozuntusu iddiası ilə türk F-16-ları tərəfindən vuruldu və bu hücumu çox təəssüf ki, Ankara qəbul etmək vəziyyətində qaldı.
Rusiya prezidenti Vladimir Putin, KQB-də yetişmiş olmasının və kəşfiyyatçı keçmişinin üstünlüyü ilə atalarının yüz il əvvəl düşdüyü səhvə düşmədi. Həm təyyarə böhranı, həm də rus səfirin öldürülməsi hadisələrində, kimlərin nə etməyə çalışdığını fərq etdi, bu oyunu erkən gördü. Zaman dəyişsə də, oyunun qaydaları həmişə eyni idi: Fitnə salaraq Rusiya və Türkiyəni üz-üzə qoymaq.
Qərb, rus təhdidinə qarşı Türkiyəni tampon bölgə olaraq istifadə etməklə, həm öz təhlükəsizliyini zəmanət altına almağı, həm də Türkiyənin Qərbdən qopub, Avrasiya Birliyinə yönəlməsinə maneə törətməyi hədəfləyirdi. Bunu Vladimir Putin hakimiyyətə gələnə qədər hər zaman bacardılar. Bu gün Putin və Ərdoğan, Qərbin yüz illik oyununu pozdular. İndi Qərb dünyası ənənəvi siyasətinin çökdüyünü izləməyin əzabını çəkir.