BAKI, 18 yan — Sputnik. Sosial şəbəkələr vasitəsilə yaranan tanışlıqlar, təkcə vətəndaşlar üçün deyil, ölkənin hüquq-mühafizə orqanları üçün də əməlli-başlı baş ağrısına çevrilib. Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Yanvarın 17-də Xətai RPİ 34-cü bölməsinə 32 yaşlı qadın müraciət edib. O bildirib ki, yanvarın 16-sı gecə saat 23:00-da ona 39 yaşlı Zaur adlı tanışı zəng edib. Kişi bəyan edib ki, əgər ona 150 manat verməsə, onlar arasında olan hər şey barədə ərinə məlumat verəcək.
Amma qadın ona əhəmiyyət verməyib və polisə müraciət edib. Əlbəttə, polis zərərçəkmiş qadının sirrini onun ərinə vermək niyyətində deyil. Bu informasiya konfidensialdır, onun açıqlanması zərərçəkmişin ailəsində problem yarada, yeni cinayətin əsasını qoya bilər. Zaura gəlincə isə, o, öz şantajına görə qanun qarşısında cavab verməlidir. Hələlik günahlandırılan şəxs saxlanılmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, çox sayda xırda fırıldaqçılar uydurulmuş adlarla sosial şəbəkələrdə meydan sulayırlar. Onlar qızlarla tanış olur, onlara qulaq oxşayan gözəl sözlər, komplimentlər yazır, görüşə çağırır, sonra isə öz qara niyyətlərini həyata keçirirlər.
Və belə fırıldaqçılara "kişi şərəfi" söz birləşməsi tanış deyil. Buna görə də, qadınlar tanış olarkən diqqətli olmalı və sonradan peşman olacaqları işi görməməlidirlər.
Qeyd edək ki, analoji məsələ ilə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində də araşdırma aparılır. İdarəyə 30 yaşlı Ş.A. müraciət edərək bildirib ki, onun mobil telefonuna naməlum bir kişi zəng edib. Onu 28 yaşlı arvadının çılpaq vəziyyətdə çəkilmiş şəklini sosial şəbəkələrdə yerləşdirəcəyi ilə hədələyib. Naməlum şəxs zərərçəkmişə deyib ki, əgər ona 300 manat versə, şəkli yaymayacaq. Polis əməkdaşları hazırda kişini qadının çılpaq şəkillərini yayacağı ilə hədələyən adamın şəxsiyyətini müəyyən etməklə məşğuldur.