Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gizli səs yazısı: şantaj, yoxsa maddi sübut?

© Photo : STRGizli səs yazısı. Arxiv şəkli
Gizli səs yazısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanların qorxulu yuxusuna çevirilən gizli səsyazmalar cəmiyyətdə böyük faciələrə səbəb olur. Bu metoda əl atanlar özlərini müdafiə etdiklərini düşünsələr də, qanun tam əksini söyləyir.

BAKI, 25 apr — Sputnik. Bakı şəhər sakini, paytaxtda fəaliyyət göstərən şirkətlərdən birində mühasib işləyən Yasəmən Cəfərova təhdid və şantajla üzləşdiyini deyir. Sputnik-ə müraciət edən mühasib xanımın sözlərinə görə, şirkətə (mövzumuza birbaşa dəxli olmadığı üçün şirkətin adını qeyd etmirik) məxsus dükanda baş verən "yeyinti"də onun da adını hallandırmaq istəyiblər.

"Mən həmin dükandan öz qiymətinə mal götürmüşdüm. Qanunsuz heç bir iş görmədiyimə baxmayaraq, həmin vaxt dükanda işləyənlər səsimi gizlicə yazırlarmış. Sonra özlərinin törətdikləri 15 min manatlıq "yeyintidə" məni də "ortaq etməyə" çalışdılar. Nəticədə qeydə aldıqları səs yazımı müdirə təqdim etdilər", —deyir Y. Cəfərova.

© Photo : Elvin HetemovСамед Векилов, адвокат
Самед Векилов, адвокат - Sputnik Azərbaycan
Самед Векилов, адвокат

Məsələnin araşdırıldığını və haqlı çıxdığını bildirən mühasib xaım, bununla belə, səsini gizlicə yazılmasının ona çox pis təsir etdiyini vurğulayıb: "Görün, nə günlərə düşmüşük. İnsanlar bir-birilərinin səsini yazaraq, təhdid, şantaj üsullarına əl atırlar. Bu cür hallar cəmiyyətdə ciddi psixoloji sarsıntı yaradır".

240 saatadək islah cəzası

Vəkil Səməd Vəkilov da Sputnik-ə açıqlamasında, son zamanlar belə hallarla üzləşən və ona müraciət edən vətəndaşların sayının artdığını söyləyib: "Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. Bəzən məhkəmələr zamanı insanlar bu cür vasitələrdən sübut kimi istifadə etməyə çalışırlar. Lakin qanun buna imkan vermir".

"Qanuna əsasən, insanlar yalnız öz səslərini yaza bilərlər. Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmur. Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır. Qanuna əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var", —vəkil vurğulayıb.

Onun sözlərinə görə, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər: "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər".

S. Vəkilov bu cür halların cinayət olduğunu əlav edib: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddə var. Belə ki, Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, həmçinin qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə isə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə — 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

© Photo : E.Həsənovun şəxsi arxivindənЭльяр Гасанов, правовед
Эльяр Гасанов, правовед - Sputnik Azərbaycan
Эльяр Гасанов, правовед

Gizli səsyazmalar dəlil hesab olunmur

Keçmiş məhkəmə işçisi Elyar Həsənov da xəbərsiz səsyazmaları qanunsuz hesab edir. "Qarşı tərəfin xəbər olmadan və razılığı olmadan səsini yazaraq ona qarşı istifadə etmək qadağandır. Xüsusilə qarşı tərəfi şantaj etmək, ona hədə-qorxu gəlmək və ya sosial şəbəkələrdə həmin səsyazmanı paylamaq, artıq cinayətdir", —deyə hüquqşünas Sputnik-ə açıqlamasında qeyd edib.

O, məhkəməyə təqdim olunan səsyazmaların dəlil hesab olunmadığını əlavə edib: "Məhkəməyə qarşı tərəfin razılığı olmadan yazılan səslərin sübut kimi gətirilmə faktları olur. Amma belə səsyazmalar material kimi qəbul olunmur və məhkəmə işi zamanı onlara baxılmır. Bu, qanuna ziddir".

Xəbər lenti
0