BAKI, 18 yan-Sputnik. Yanvarın 18-də Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasının ilk iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Rafael Hüseynov ötən il görülən işlər barədə məlumat verib. Bildirib ki, komitənin 2016-cı ildə gördüyü işlər qənaətbəxşdir.
O, qeyd edib ki, büdcədən mədəniyyət sahəsinə əlavə 3 milyon vəsait manat ayrılıb. Bu, müəyyən problemlərin ortadan qalxmasına, vəziyyətin daha normal olmasına şərait yaradacaq. Büdcədən bu sahəyə əlavə vəsaitin ayrılması komitənin ötən ildəki uğurlarından hesab edilməlidir.
Onun sözlərinə görə, ötən ildən Azərbaycanın yazılı abidələri haqqında qanunun ilkin layihəsi hazırlanıb. Yaxın vaxtlarda qanun layihəsi müzakirəyə çıxarılacaq.
Komitə sədri qeyd edib ki, yaz sessiyasında Azərbaycanda adlar və soyadlarla bağlı hazırlanmış qanun layihəsinə baxılacaq.
Onun sözlərinə görə, "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələri yaz sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq.
İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik təklif edilib. Belə ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.