BAKI, 16 yan — Sputnik. Gələcək uşağın cinsi ananın hamiləlikdən əvvəlki qan təzyiqi ilə birbaşa əlaqədardır. Çin mütəxəssisləri hamilə qalmaq barədə düşünən 1411 qadın arasında bu yaxınlarda apardıqları tədqiqatdan sonra belə qənaətə gəliblər.
Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bütün könüllülər tibbi müayinədən keçiblər və onların sağlamlığı doğuşa qədər həkimlərin nəzarətində olub. Bir müddət keçəndən sonra məlum olub ki, eksperimentin iştirakçısı olan qadınlardan 739-u oğlan, 672-si isə qız uşağı dünyaya gətirib.
Doğuşu başa çatdıran qadınlar haqqında toplanmış ilkin məlumatların təhlili zamanı mütəxəssislərə məlum olub ki, oğlan uşağı dünyaya gətirən qadınların hamısının hamiləliyə qədərki orta qan təzyiqi digərləri ilə müqayisədə bir qədər yüksək olub. Məlum olub ki, oğlanların analarında hamiləliyə qədər sistolik qan təzyiqi 106 mm civə sütunu səviyyəsində müşahidə olunub. Eyni zamanda qız analarında bu göstərici 103 mm təşkil edib.
Qeyd edək ki, bu konsepsiya hamiləlik zamanı müşahidə olunmur. Tədqiqatçılar hesab edirlər ki, elə bu səbəbdən də sözügedən halı təsadüf hesab etmək olmaz.
Mütəxəssislər hələlik onlara məlum olan bu fenomenə konkret izahat verməkdə çətinlik çəkirlər. Sadəcə versiyalardan biri kimi qeyd edirlər ki, yüksək qan təzyiqinin olması ilk gün və ilk həftələrdə kişi cinsindən olan dölün formalaşması üçün daha çox enerji və qidanın tələbi ilə bağlıdır. Çünki orqanizm kişi dölünün yaraması və yaşaması üçün daha çox enerji və qida tələb edir.
Bu barədə tədqiqatın tam mətninin dərc olunduğu "American Journal of Hypertension" nəşrinin yazdığına görə, Çin mütəxəssislərinin tədqiqatı cütlüklərə uşağı planlaşdırmaqda yardım edə bilər. Bununla yanaşı, alimlər etiraf edirlər ki, ola bilsin, gələcək uşağın cinsinin formalaşmasında qan təzyiqi heç də başlıca rol oynamır. Bu prosesə təsir göstərən mexanizmlər bundan daha da qeyri-adi ola bilər. Amma o mexanizmlər hələlik müəyyən edilməyib.