BAKI, 6 sen — Sputnik. Alimlər antibiotiklərin erkən yaşlardan başlayaraq qəbul edilməsinin nə qədər ziyanlı olduğuna aydınlıq gətiriblər. Sputnik informing-ə istinadən xəbər verir ki, Niderlanddan olan mütəxəssislər, 1966-2015-ci illəri əhatə edən 22 materialı metaanaliz ediblər. Və bu qənaətə gəliblər ki, həyatın ilk iki ilində antibiotik qəbul etmək insanların gələcək sağlamlığına son dərəcə neqativ təsir göstərir.
Öz növbəsində, uşaqların ilk iki il ərzində antibakterial preparatlarla müalicə edilməsi də onların gələcəyi üçün təhlükəlidir. Antibakterial vasitələrlə müalicə edilən, yaxud da antibakterial vasitələrlə təmizlənən uşaqlar gələcəkdə müxtəlif növ dermatitlərdən və allergiyalardan (pollinozdan) əziyyət çəkirlər.
Qeyd edək ki, burun axması, gözdə qaşınma, gözdən su axma, gözün qızarması, burun tutulması, dəridə yaranan qızartılar, qaşınma, səpkilər pollinozun ilkin əlamətləridir. Bəzən pollinozlar bronxial astmaya çevrilirlər ki, insanlar da bu xəstəlikdən ömür boyu əziyyət çəkirlər.
Alimlər bu xəstəliklərdən əziyyət çəkən 65 min insan arasında tədqiqat aparıblar. Məlum olub ki, onlar həyatlarının, əsasən ilk iki ilində qəbul etdikləri antibiotiklər və antibakteriallar nəticəsində ömürlük xəstəlik qazanıblar.
O da məlum olub ki, antibiotikləri erkən yaşlarda qəbul edənlər arasında dermatitlərin inkişafı riski 15-41 % təşkil edir. Uşaqlıqda antibakterial müalicənin qəbul edilməsi nəticəsində allergiyaların yaranma faizi 14-56-dır.