BAKI, 16 yan — Sputnik. Honkonqdan qalxan və Qırğızıstanın paytaxtı Bişkekdə enməyə çalışan Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb. Sputnik xəbər verir ki, son məlumatlara görə 37 nəfər dünyasını dəyişib. Xəbəri Qırğızıstanın fövqəladə hallar naziri Kutabek Boronov da təsdiqləyib.
Türk Hava Yolları şirkəti hadisədən sonra verdiyi açıqlamada, sözügedən təyyarənin onlara deyil, mərkəzi İstanbulda yerləşən "ACT" şirkətinə məxsus olduğunu bildirib.
Qırğızıstan FHN-in məlumatına görə, "Boeing 747" yük təyyarəsi "Manas" aeroportu yaxınlığında yerləşən bağ evlərinin üstünə düşüb. İlkin məlumata görə, 15 ev dağılıb. Son məlumatda bildirilir ki, 37 nəfər dünyasını dəyişib. Onların arasında uşaqlar da var. Qəza yerindəki yanğın lokallaşdırılıb.
Yerli hökumət dağımış evlərin və zərər çəkmiş sakinlərin sayını dəqiqləşdirir. Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov təyyarənin düşdüyü Çuysk vilayətindəki ərazidə olub.
Prezident Almazbek Atambayev "Boeing 747" təyyarəsinin qəzaya uğramasına səbəb olan amilləri araşdırmaq, ölən və yaralananların ailələrinə maddi yardım göstərməklə bağlı tapşırıq verib.