BAKI, 12 yan — Spunik. İŞİD beynəlxalq terror təşkilatının Azərbaycan üçün də ciddi təhlükə olduğu çoxdan məlumdur. Təşkilat hələ 2014-cü ildə yaxın 10 illiklə bağlı strategiyasını açıqlamışdı və onun yaydığı xəritədə “gələcək dövlətin” ərazisinə Azərbaycanın da daxil edilməsi planlaşdırmışdı. Bu faktı nəzərə alan Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər hüquq-mühafizə orqanları bütün qüvvələrini respublika sərhədlərindən kənardakı qanunsuz silahlı birliklərə qoşulan şəxsləri aşkarlamağa və onları cinayət məsuliyyətinə cəlb etməyə səfərbər ediblər.
Bu günlərdə Sumqayıtda İŞİD terror təşkilatı ilə əlaqəsi olmaqda ittiham edilən radikal islamçı (vəhabi) saxlanılıb. Bu barədə Sputnik-ə hüquq-mühafizə orqanlarından xəbər veriblər. Radikal islamçının saxlanılmasının digər təfərrüatları istintaq maraqlarına görə açıqlanmır.
Eyni zamanda, onlarla terrorçu Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu barədə çərşənbə axşamı AR Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev məlumat verib. O bildirib ki, 2016-cı ildə 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında DMX tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib. Qeyd olunub ki, bu tədbirlər respublikanın təhlükəsizliyinin təmin edilməsi baxımından görülüb.
DTX-nın mətbuat xidməti 2016-cı ildə nə qədər adamın xaricdəki qanunsuz silahlı birləşmələrə qoşulmaq ittihamı ilə məsuliyyətə cəlb edildiyi, Azərbaycan vətəndaşlığından çıxarıldığı və məhkəmə qaydasında terrorçu hesab edildiyi barədə sualımızı cavablandırmağa çətinlik çəkib.
Qeyd edək ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində radikal dini qruplaşmaların üzvləri Anar Mahmudov və Elvina Əskərovanın işinə baxılıb. Onlar 2012-2015-ci illərdə Suriya və İraq ərazilərində İŞİD, “Ən-Nüsra Cəbhəsi” və “Cumdul-Xalifa” terror təşkilatları tərəfində silahlı münaqişələrdə iştirak etməkdə günahlandırılıblar.
Azərbaycan vətəndaşları Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əskərov və Anar Mahmudov AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunublar. Həmçinin, ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovla bağlı məhkəmə prosesi başa çatıb. Onlar Suriyada İŞİD sıralarında döyüşdə iştirak etməkdə ittiham ediliblər.
Xüsusi xidmət orqanları bir neçə terrorçu və radikal islam təəssübkeşi ilə bağlı məsələni isə daha radikal yolla həll ediblər. Belə ki, noyabrın 25-də gecə Xaçmaz rayonunun Düztahiroba kəndində Ramiq Rəhimov zərərsizləşdirilib. O, DTX-nın Xaçmaz rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat nəticəsində məhv edilib. Rəhimov qanun keşikçilərinin təslim olmaq tələbinə riayət etməyib və hüquq-mühafizə orqanları əməkdaşlarına “Makarov” tipli tapançadan atəş açıb. Cinayətkar cavab atəşi ilə məhv edilib. Onun şübhəli həyat tərzi keçirdiyi bildirilir. Rəhimov xaricdə fəaliyyət göstərən “Camaatın əmiri” adlı dini terror təşkilatı ilə əlaqəli olub.
İlin sonunda — dekabrın 3-də “Binə” ticarət mərkəzi yaxınlığında xüsusi əməliyyat nəticəsində “şəhid kəməri”ni partlatmaq istəyən kamikadze Emin Əzizağa oğlu Cami məhv edilib. 1978-ci il təvəllüdlü Emin Cami bundan əvvəl 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub. Ötən ilin əvvəlində Emin Cami azadlığa çıxıb. O, azadlığa çıxandan sonra yenidən terroçuluq fəaliyyətinə qayıdıb, ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrin iştirakçısı olan qanunsuz silahlı birləşmələrin və beynəlxalq terror təşkilatlarının nümayəndələrinin tabeliyinə keçərək, onlarla birgə fəaliyyət göstərib. Habelə, Azərbaycan ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırdığı ilə bağlı əsaslı şübhələr doğurub. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Emin Cami Quba rayon sakinidir və əvvəllər bir neçə dəfə həbs olunub. O, Azərbaycan və Dağıstan ərazisində fəaliyyət göstərən "Meşə qardaşları" terror qruplaşmasının da üzv olub.