BAKI, 8 aprel-Sputnik. Azərbaycanda tanınmış ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov Azərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin onu ölümlə hədələdiyini bildirib.
Həsənov Sputnik-ə verdiyi açıqlamada bu barədə deyib: Azərbaycanlı radikalların lideri kimi tanınmış Əlixan Musayev bu gün mənə whatsapp'la mesaj göndərdi. Məni hədələdi ki, səninlə başqa cür nəsihət etmək lazımdır, onun da vaxtı var və yaxında görəcəksən."
İlahiyyatçı Azərbaycan Hüquq mühafizə orqanlarından xahiş edir ki, həyatı təhlükədədir və buna qarşı tədbir görsünlər. "Mən ailəliyəm və iki qızım var. Radikal lider məni ölümlə hədələyir. Başıma bir hadisə gəlsə, ailəmə kim baxacaq?!" — deyən Həsənov bildirib ki, o və Azərbaycanda tanınmış bir qrup din alimi yaydıqları bəyanata görə, radikalların liderinin təhdidlərinə məruz qalıb: "Mən və Azərbaycanda tanınmış din alimləri — İlqar İsmayılzadə (ilahiyyat elmləri doktoru), Samid Quliyev (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu), Əli Rzazadə (ilahiyyatçı,yazar), Atif İsmayılov (İlahiyyatçı), İlkin Qayıbov (İlahiyyatçı, məscid imamı) Əlixan Musayevin Suriyada cihadla bağlı səs yazısı ilə bağlı "Unikal" gündəlik on-layn qəzetində bəyanatımızı yayınlanmışdıq. Bildirdim ki, hazırda əsas diqqətimiz erməni müsəlman davasına qarışıb, vətənpərvərliyi tərənnüm edən mövzular yazırıq. Əlixan Musayev isə öz müsəlman qardaşlarının əleyhinə təbliğat aparır.
Belə deyəndə, o götürüb saytda gedən bəyanatımızın surətini göndərdi və dedi ki, ermənilərin şəkli buradadır. Hansı ki, oradakı şəkil dövlətimizi dəstəkləyən biz ilahiyyatçıların şəkli idi. Bizə yönəlik bu təhqirlə bağlı olaraq müvafiq qurumlardan həmin şəxs barəsində ciddi tədbir görməsini xahiş edirik. Bu şəxs Azərbaycan xalqını, dövlətimizi dəstəkləyənləri erməni hesab edir. Ona görə də onun barəsində ciddi tədbirlər görülməlidir. Bu insan getdikcə daha da radikallaşır. Bu insan tək məni yox, bütün ilahiyyatçıları, həmvətənlərimizi, Qarabağ uğrunda döyüşən insanlarımızı təhqir edib. Buna hüquqi qiymət verilməlidir".
İlahiyyatçı onu da bildirib ki, Əlixan Musayev onu və bəyanat verən din alimlərini narahat edən mesajlar göndərməyə davam edir. Onun telefon nömrəsinin Ə.Musayevin əlinə haradan düşdüyünü isə bilmir.
Xatıqladaq ki, aprelin 1-də yazıda adları çəkilən bir qrup ilahiyyatçı vəhabi təriqətindən olan Əlixan Musayevlə bağlı "Unikal" qəzetində bəyanat yayıblar. Həmin bəyanatda azərbaycanlı sələfi lider Əlixan Musayevin İŞİD-i dəstəkləməsinə, "öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın "din"i baxımdan vacib olmasına" dair yayılan səs yazısına etiraz ifadə olunub.