BAKI, 12 yan — Sputnik. Yanvarın 10-da Soçidə "KiVin-2017" 28-ci beynəlxalq ŞHK festivalı start götürüb. Burada müxtəlif ölkələrdən komandalar iştirak edir, Azərbaycan isə "Bakı yığması" komandası ilə təmsil olunacaq.
Bizim komanda artıq uzun illərdir ŞHK-da çıxış edir və bu günlərdə onun Kreml sarayında keçirilən yubiley konsertində uğurlu çıxışı olub. Heyət üzvlərinin gənc olmasına baxmayaraq, yığma hər dəfə Azərbaycanı yüksək səviyyədə təmsil edir və bir çox komandaları üstələyir. Dünən komandamız daha bir ləyaqətli çıxışa imza atmaq üçün Soçiyə yola düşüb.
Amma erməni mediasının verdiyi məlumata görə, ŞHK Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakov festivala daha bir komandanı — Qarabağdan olan "Duz çörəklə" komandasını dəvət edib. Bu, bizim ölkəmiz üçün gözlənilməz dönüş olub.
Sputnik bu məlumatı dəqiqləşdirmək üçün "AMiK" Televiziya Yaradıcılıq Birliyinə müraciət edib. Təəssüf ki, birlikdən kimsə bu məsələni şərh etməyib, sadəcə bildiriblər ki, əgər Qarabağ komandasının adı iştirakçılar siyahısında varsa, deməli o komanda festivalda iştirak edəcək. ŞHK-nın rəsmi portalında yayımlanan siyahıda isə sözügedən komandanın adı qeyd olunub.
Aydındır ki, ŞHK çərçivəsində keçirilən istənilən tədbir ilk növbədə növbəti mədəniyyət tədbirdir və çox kədərlidir ki, bəzən ona siyasət də qarışdırılır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın işğal olunmuş əraziləri hesabına qondarma "DQR" yaradılıb ki, onu da heç bir beynəlxalq təşkilat, heç bir ölkə, hətta Ermənistanın özü belə rəsmən tanımayıb. "DQR" komandasının festivala dəvət olunması Azərbaycan cəmiyyətində ciddi əks-reaksiyaya səbəb olub. Qarabağdan olan komandanın bu festivalda iştirakı nə dərəcədə düzgündür, bizim komanda və əlaqədar orqanlar bu fakta necə reaksiya verəcək?
Təəssüf ki, Sputnik-in müraciət etdiyi həm komandamızın özü, həm də Milli Məclisin deputatları bu informasiyanı şərh etməkdən imtina ediblər. AR Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidməti isə bildirib ki, onlara bu barədə heç nə məlum deyil. Nazirlik bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etməyi məsləhət görüb. XİN-in mətbuat xidmətindən isə bizə bildiriblər ki, onlar bu məsələ ilə məşğul olmurlar və xahiş ediblər ki, biz MTN-ə müraciət edək.
Yalnız əfsanəvi "Bakılı oğlanlar" ŞHK-nın parlaq iştirakçılarından biri, əməkdar artist Tahir İmanov bu məsələ ilə bağlı öz vətəndaş mövqeyini ifadə edib. "Siz necə düşünürsüz, Qarabağdan olan bir adam bu məsələ ilə bağlı nə deyə bilər? Əlbəttə ki mən onların festivalda çıxışının əleyhinəyəm. Mən bizim Prezidentimiz İlham Əliyevin separatçı rejimlə bağlı siyasətini birmənalı şəkildə dəstəkləyirəm. Bu, bütün beynəlxalq konvensiyaların kobudcasına pozulmasıdır" — deyə İmanov bildirib.
İmanov hesab edir ki, "Bakı yığması" komandası Soçi festivalında öz etirazını bildirməlidir. O, belə situasiyalarda "Bakılı oğlanlar" komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun yoxluğunun xüsusilə hiss edildiyini deyir: "Əgər o yaşasaydı, bu, baş verməyəcəkdi. Çünki Anar Məmmədxanov təkcə bizim ölkəmizdə deyil, bütün beynəlxalq ŞHK məkanında böyük avtoritet idi".
İmanov hesab edir ki, bu məsələ ilə bağlı bütün strukturlar öz mövqeyini bildirməlidir: "Onlar danışmağa və etiraz bildirməyə məhkumdurlar və turnirdən sonra verilən bütün bəyanatlar "toydan sonra nağara" effektində olacaq".
"Düşünürəm ki, məsul orqanların nümayəndələri bu sözün mahiyyətini gözəl başa düşürlər. Əgər bu məsələni başlı-başına buraxsalar, gün gələcək, "Duz çörəklə" komandası azərbaycanlı ŞHK-çıları "öz evində" "sahib" rolunda qəbul edəcək" — deyə İmanov bildirib.