BAKI, 11 yan — Sputnik. Elxan Süleymanov — Azərbaycandan olan həkim-onkoloq bu gün Çeçenistan Respublikasının səhiyyə naziri postunu tutur. Bu vəzifəyə necə yüksəldiyi, hazırda çeçen onkologiya xidmətində vəziyyətin necə olduğunu Sputnik-lə söhbətində ÇR-in səhiyyə naziri özü danışıb.
- Azərbaycandan Çeçenistana qədər necə bir yol keçmişiniz?
— Mən Bakıda 245 nömrəli orta məktəbi bitirmişəm. Həmçinin, Azərbaycan Tibb Universitetində oxumuşam və 1998-ci ildə orada təhsilimi başa vurmuşam. Bundan sonra mən bir il Bakı Onkoloji Elmi Mərkəzində — indiyə qədər də dostluq münasibətləri saxladığım Cəmil Əliyevin rəhbərliyi altında işləmişəm. Daha sonra Moskvaya göndərilmişəm və orada Bloxin adına Rusiya Onkologiya Mərkəzinin bazasında aspiranturanı bitirmişəm. Elə orada da elmi işimi müdafiə edərək tibb elmləri namizədi olmuşam və xeyli vaxt orada işləmişəm.
Sonra Aleksandr Baranovun rəhbərliyi altında Uşaqların Sağlamlıq Elmi Mərkəzində aparıcı elmi əməkdaş olmuşam. Buna paralel olaraq ABŞ və Almaniyada təcrübə toplamışam. Artıq 2014-cü ildə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya gəlmişəm. Burada mənə Onkoloji Dispanserə rəhbərlik etmək təklif olunub. Beləliklə, gördüyünüz kimi, hazırda Çeçenistanın səhiyyə naziriyəm.
- Çeçenistana dəvət sizin üçün gözlənilməz deyildi ki?
— Gözlənilməz oldu. Mən demək olar on ildir ki, Ramzan Axmatoviçi tanıyıram. Onu istisnasız olaraq savadlı və çox diqqətli rəhbər hesab edirəm. Və onun məni Qroznıya dəvət etməsini bir göstəriş, dərindən hörmət bəslədiyim insanın xahişi kimi qəbul etmişəm. Ona görə də, mən heç etiraz etmək barədə düşünməmişəm də. Dərhal Çeçenistana getmək və onun rəhbərliyi altında işləmək qərarı vermişəm.
- Nazir postuna təyin olunacağınızı təxmin edirdiniz, yoxsa tamamilə gözlənilməz oldu?
— Bunu gözləmirdim. Başlanğıcda mənim vəzifəm Çeçenistan Respublikasının onkoloji xidmətinin səviyyəsini qaldırmaq və respublika başçısının səhiyyə məsələləri üzrə məsləhətçisi olmaq idi.
- Siz qarşınıza qoyulan vəzifələrin öhdəsindən gələ bildiniz? Hazırda Çeçenistanda onkoloji vəziyyət necədir?
— Statistik xüsusiyyətlər bütün Rusiya Federasiyası ilə eynidir. Hər yerdə olduğu kimi, burada da qadınlar daha çox xəstələnirlər, həmçinin xəstələnənlər və ölənlər arasında ağ ciyər və süd vəzi xərçəngi olan xəstələr üstünlük təşkil edir. Özəllik isə bundan ibarətdir ki, Çeçenistanda müharibə baş verib, onkoloji xidmət məhv olub, onu praktiki olaraq sıfırdan qurublar. Lakin bu gün bizim diaqnostika və xəstələrin müalicəsi üçün bütün imkanlarımız var. Biz bu gün digər regionlardan da xəstə qəbul edirik, hətta Azərbaycandan da pasientlərimiz var.
- Sizin yerli əhaliyə və respublikanın qonaqlarına bu sahədə xidmət göstərmək üçün kifayət qədər mütəxəssisləriniz var?
— Biz Moskva və Sankt-Peterburqdan çoxlu həkimlər dəvət etmişik. Digər millətlərdən olan həkimlərlə yanaşı, bizdə çox sayda çeçen həkimlər də var ki, onlar federal səviyyədə çox yaxşı aparıcı mövqedədirlər. Bizdə xaricilər də işləyirlər. Fransadan, Almaniyadan olan həkimlər məsləhət verirlər və qərbli kolleqalarla əməkdaşlığı davam etdiririk.
- Aparıcı həkimlərə xidmətlərinə görə lazımi səviyyədə vəsait ödənilir?
— Biz aparıcı mütəxəssislərin əmək haqqılarının ödənilməsi məsələsində kompromisə nail ola bilirik. Yüksək ixtisaslı mütəxəssislərin orta əmək haqqı Moskva səviyyəsindəki mütəxəssislərin əmək haqqlarından fərqlənmir. Hətta bizdə əməkhaqqı Azərbaycandan bir qədər yüksəkdir.
- Azərbaycandan sizinlə işləmək istəyən mütəxəssislər var?
— Azərbaycanlılar var, amma onlar Azərbaycandan deyillər. Bu azərbaycanlılar mənimlə əlaqələri olan insanlardır ki, Moskvada yaşayır və təhsil alırlar. Və biz onların namizədlik məsələsinə təhsillərini başa vurandan sonra baxacağıq.
- Respublika rəhbəri Ramzan Kadırovun sağlamlığını necə qiymətləndirirsiniz?
— O, əla fiziki formadadır. Əminəm ki, o, bir çox olimpiya çempionunu geridə qoya bilər. Sağlamdır, fəaldır, çoxlu planları, ideyaları var və bu, bizi ancaq sevindirir.
- Azərbaycanlılar sağlamlıq mədəniyyəti, fiziki hərəkətlər baxımından çeçenlərdən çox fərqlənirlər?
— Azərbaycanlılarla çeçenlər bu məsələdə eyni səviyyədədirlər.
P. S. Müsahibə Çeçenistan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə baş tutub.