BAKI, 11 yan — Sputnik. "Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən kosmetik vasitələr satılan dükana getmişdim. Bütün kosmetik vasitələrin tərkibi, təyinatı və hətta qiyməti belə ingilis dilində yazılmışdı. İngilis dilini bilmirəm. İndi necə anlayım ki, buradakı üz maskalarından hansı mənim üz dərimə uyğundur?"
Paytaxt sakini Sənubər Cəfərova Sputnik-ə göndərdiyi məktubunda bunları yazır. O, problemi aydınlaşdırmaq üçün dükanın satıcısına müraciət edib: "Satıcının cavabı belə oldu: "Kosmetik vasitələrin üzərində xiyar, çobanyastığı və sair tərəvəzlərin şəkilləri var. Onlara baxmaqla öz üzünüzə uyğun gələnini seçə bilərsiniz".
"Axı niyə öz ölkəmizdə həyatımızı bu qədər çətinləşdirirlər? Burada dövlət dili Azərbaycan dili deyilmi? Vətəndaş olaraq hüquqlarımız pozulur" — vətəndaş bildirir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında qanunvericiliyin tələbinə toxunub: "Dövlət dili haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarda, Nazirlər Kabinetinin 95 saylı qərarında birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar və xidmətlər xarici dillə yanaşı, milli dildə də markalanmalıdır. Çox təəssüflər olsun ki, Gürcüstan və Ermənistan bu problemi həll edib, amma Azərbaycan bunu hələ də həll edə bilmir".
"Çünki istehlakçıların hüquqlarını qoruyan dövlət siyasəti tam yerinə yetirilmir. Həmçinin, bu işi yerinə yetirməyə borclu olan dövlət qurumları öz vəzifələrinin öhdəsindən lazımınca gəlmir" — Hüseynov bildirib.
AİB sədrinin sözlərinə görə, Səhiyyə Nazirliyi üzərində Azərbaycan dilində məlumat olmayan dərmanların satışını qadağa etdiyi halda, hələ də apteklərdə belə dərmanlar satılır: "Eyni zamanda "Kontinental" dükanlar şəbəkəsində bir çox mallar haqqında məlumatlar xarici dildə yazılır. Avtomobillərin, mürəkkəb texniki məhsulların sənədləri əksər hallarda xarici dildə olur. Bu, anormal haldır. İqtisadiyyat Nazirliyi, çox təəssüf ki, müşahidəçi mövqeyində dayanıb".
E. Hüseynov təklif edir ki, üzərində milli dildə məlumat yazısı olmayan mallar qaçaqmal elan olunsun: "Belə mallardan imtina etmək lazımdır. Biz belə malları boykot etməliyik. Eyni zamanda, belə halla üzləşən alıcılar Azad İstehlakçılar Birliyinə müraciət etsinlər, biz də bu məsələni gündəmə gətirək".
"Biz Azərbaycan Dövlət İqtisad Universitetinin köməyi ilə 150-dən çox uşaq qidalarının üzərindəki məlumatları Azərbaycan dilinə tərcümə etmişik. Təəssüflər olsun ki, digər sahələri əhatə edə bilməmişik" — həmsöhbətimiz vurğulayıb.
Marketinq mütəxəssisi Vaqif Hüseynov isə Sputnik-ə açıqlamasında məsələyə fərqli yöndən yanaşıb: "Söhbət sahibkarın ticari marağında gedirsə, digər məqamlar onun üçün maraqlı olmur. Sahibkarın gözü ilə baxsaq, bu onun üçün qlobal problem deyil. Çünki, malı satılırsa, onun üçün yetərlidir".
"Amma bir vətəndaş mövqeyi sərgiləyəndə, sözsüz ki, malların üzərində Azərbaycan dilində də məlumat olmalıdır" — ekspert bildirib.
O, məsələyə psixoloji aspektdən də şərh verib: "Son zamanlar insanlar özlərini qlamur hiss etdiyi üçün, xarici dildə yazılan mallara, butiklərə daha çox üstünlük verirlər. Ona görə də belə dükanlarda Azərbaycan dilinə üstünlük vermir".