Narkomaniya 21-ci əsrin ən böyük bəlalarından hesab olunur. Ölkəmizdə də bu bəlaya düçar olanların sayı get-gedə artır. Bəs narkotik vasitələrə aludəçilik daha çox hansı bölgələrdə müşahidə edilir, gənclər arasında daha çox hansı narkotik vasitələr yayılıb? Sputnik-in əməkdaşı bu suallara cavab tapmaq məqsədilə Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Pərvin Məmmədovla həmsöhbət olub.
— Doktor, əsasən kimlər narkotik maddə aludəçisi olurlar?
— Narkotik maddə aludəçisi olmaqdan heç kim sığortalanmayıb. Kimsə deyə bilməz ki, yalnız varlılar və yaxud yalnız kasıblar narkotik vasitə aludəçisinə çevrilirlər. Yəni, bütün kateqoriyalardan olan insanlar üçün bu təhlükə mövcuddur.
— Azərbaycanın hansı bölgələrində narkotik aludəçiliyi daha çox müşahidə olunur?
— Daha çox sərhəd bölgələrində, xüsusən İran İslam Respublikası ilə sərhəddə yerləşən rayonlarda. Çünki sərhəd bölgələrində qaçaqmalçılıq çox olur. Həmçinin, Şirvan-Hacıqabul bölgəsində də narkotik maddə istifadəçilərinin sayı kifayət qədərdir. Bakı və Sumqayıt böyük şəhərlər olduğuna görə, bu ərazidə də narkotik vasitə istifadəçilərinin sayı çoxdur.
— Sizin Mərkəz narkotik maddə aludəçilərinə hansı formada yardım edir?
— Narkoloji Mərkəzdə müalicə könüllülük əsasında həyata keçirilir. Xəstə özü istəməsə, yalnız məhkəmə qərarı ilə müalicə həyata keçirilə bilər. Xəstələr çox zaman özləri müraciət edirlər. Narkotik aludəçisi uşaq olanda, onları valideynlərinin müşayiət etməsi mütləqdir. Narkoloji Mərkəzdə toksikomaniya, alkoqolizm və narkomaniya üzrə müalicə aparılır. Müalicə prosesi 4 mərhələdən ibarətdir. Onun 2 mərhələsi Narkoloji Mərkəzdə həyata keçirilir. Digər iki mərhələ isə reabilitasiya mərkəzlərində keçirilməlidir. Ancaq ölkədə reablitasiya mərkəzləri olmadığı üçün, xəstələr bu mərhələni ev şəraitində, valideyn nəzarətində keçirməli olurlar.
— Valideynlər bu işin öhdəsindən gələ bilirlər?
— Hesab edirəm ki, xeyr. Çətinliklər yaranır. Reabilitasiya mərkəzlərində psixoloqlar, psixiatrlar uzun müddət xəstələrlə işləyirlər. Valideynlər isə iş prinsipini bilmirlər, həm də səbirsiz davranırlar.
— Narkotik maddə aludəçiləri əsasən xəstəliyin hansı mərhələsində sizə müraciət edirlər?
— Çox zaman xəstəliyin inkişaf etmiş mərhələsində müraciətlər olur. Nadir hallarda ola bilər ki, valideyn övladının narkotik istifadəçisi olduğunu tez öyrənsin və ilkin mərhələdə onu Mərkəzə gətirsin. Narkotik istifadəsində sağalma deyil, remissiya fasilələri var. Remissiya fasilələrinin yaşa, cinsə və narkotik vasitə aludəçiliyinin uzun və ya qısa müddətli olmasına dəxli yoxdur. Bu, xəstənin iradəsinə bağlıdır. Hansısa baryerlər olmalıdır ki, xəstə onu keçə bilməsin. Belə baryer olmasa, istər 40, istər 60 yaşı olsun, müalicə xəstəyə təsir etməyəcək. Şəxsən mənim 10 ilə qədər remissiyası olan xəstələrim var. 10 il remissiya fasiəsli xəstəlikdən uzaqlaşmaq deməkdir.
— Bildiyimiz qədər, sizin Mərkəzdə toksikomanlar da müalicə alırlar…
— Bəli. Belə xəstələr 18 yaşına qədər olan uşaqlardır ki, benzin, kley iyləmədən yaşaya bilmirlər. Onu deyim ki, toksiki maddələrin fəsadları narkomaniyadan daha təhlükəlidir. Bu maddələr birbaşa sinir sisteminə təsir edir. Şəxsiyyəti inkişaf etməyə qoymur, mərkəzi sinir sistemində sinir hüceyrələrinin məhvinə, ağciyərdə problemlərə gətirib çıxarır. Belə uşaqların əqli qabiliyyətləri də aşağı düşür. Toksiki maddələrin qoxusu belə uşaqların xoşuna gəlir. Aseton, boya, neft və sair qoxusu onlara həzz verir. Bəzən təkər yandırıb qoxusunu ciyərlərinə çəkirlər. Bu problem oğlanlar arasında xüsusilə yayılıb.
— Son zamanlar narkotik maddə qəbulu nəticəsində erkən ölüm halları da artıb…
— Qeyri-steril şpritsdən istifadə edirsə, ən keyfiyyətsiz narkotik maddələri qəbul edirsə, üstəlik orqanizm zəifdirsə, yaşayış şəraiti pisdirsə, o adam daha tez dünyasını dəyişir. Elə narkotik maddə aludəçisi də var ki, narkotik maddənin ən keyfiyyətlisini alır, hər şeyi steril edir, orqanizminin möhkəmlənməsinə yönəlik müəyyən tədbirlər görür. Əgər yoluxucu xəstəliklər (hepatit, İİV və s.) meydana çıxmazsa, belə şəxslər daha çox yaşaya bilirlər. Narkotikdən asılı olan şəxslər arasında ölüm halları daha çox sepsis (suyu düzgün streil etməmək) nəticəsində meydana çıxır və onlar doza aşımından həyatlarını itirirlər. Bu, əsasən qeyri-peşəkar narkomanlarla bağlı baş verir. Hazırda "kоkos" deyilən yeni maddə meydana çıxıb — heroin deyil. Heroinin hazırlanmasında asetil anhidritdən istifadə olunur. O da bahalı maddədir. Bu səbəbdən də heroin hər kəs üçün əlçatan deyil. Kokosun hazırlanmasında isə adi limon turşusu və ya limon duzundan istifadə edirlər. Bu, ucuz başa gəlsə də, narkotik maddə istifadəçilərinin orqanizmində müəyyən problemlərə yol açır. Maddi cəhətdən imkansız aludəçilər kokosdan istifadə edirlər. O da həm somatik problemlər, həm də dozanın düzgün seçilməməsinə səbəb olur. Bu zaman da ölüm halları artır.
— Bu gün gənclər arasında daha çox hansı narkotik maddələr yayılıb?
— Əsasən heroin, tiryək və metadon. Bu narkotik vasitələr kokainə baxanda ucuzdur. Habelə, bizim narkotik aludəçilərimizin tələbatına uyğundur. Çünki ölkəmizdəki narkotik istifadəçiləri narkotik qəbul etdikdən sonra daha da emosional olmağa deyil, özündən getməyə, yatmağa meyllidirlər.
— Belə xəstələrin müalicə prosesi nə qədər çəkir?
— İlkin xəstələr üçün 2 ay, təkrar müalicə üçün isə 3 ay. Fiziki asılılığı götürmək üçün 2-3 həftə bəs edir. Xəstə xəstəxanada normal müalicə kursu keçirsə, onun heç bir fiziki asılılığı qalmır.
— Maraqlıdır, hansı halda məhkəmə qərarı ilə xəstə məcburi müalicəyə cəlb edilir?
— Xəstə müalicə olunmaq istəmirsə, üstəlik ailəsi, ətrafı, qonşuları üçün hər hansı yüngül inzibati problemlər yaradırsa və ona həbs düşmürsə, bu halda məcburi müalicəyə göndərilir. Ötən il 20 nəfərədək belə xəstə məhkəmə tərəfindən məcburi müalicəyə göndərilib.